AZ

Orta Dəhliz qlobal ticarətin mərkəzinə çevrilir - ŞƏRH

Bakı, 6 aprel, AZƏRTAC

Son illər Avrasiya regionunda nəqliyyat və logistika marşrutlarının yenidən qurulması prosesi fonunda Azərbaycanın yürütdüyü strateji tərəfdaşlıq siyasəti, xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində daha böyük əhəmiyyət qazanıb. Çinlə Avropanı birləşdirən bu mühüm nəqliyyat xətti qlobal ticarət üçün alternativ və daha etibarlı marşrut kimi formalaşaraq Azərbaycanın tranzit ölkə statusunu əhəmiyyətli dərəcədə gücləndirib. Bu səbəbdən də Azərbaycan son illərdə regional nəqliyyat infrastrukturunun yenilənməsi, logistika potensialının artırılması və tərəfdaş ölkələrlə əməkdaşlıq mexanizmlərinin daha da dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, müasir dövrdə qlobal geosiyasi proseslərin sürətlə dəyişməsi, xüsusilə də müharibə və hərbi toqquşmaların artması alternativ nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artırır. Bu baxımdan Orta Dəhliz yalnız tranzit xətti kimi deyil, eyni zamanda Avrasiya məkanında iqtisadi əməkdaşlığın və regional inteqrasiyanın yeni platforması kimi formalaşır.

“Məhz bütün bunların fonunda Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasəti, eləcə də regional tərəfdaşlarla qurduğu etibarlı əməkdaşlıq modeli ölkənin bu strateji təşəbbüsdə aparıcı rolunu daha da gücləndirir. Beləliklə, ortada olan reallıq budur ki, Azərbaycan Orta Dəhlizin inkişafına verdiyi töhfələrlə yalnız öz tranzit potensialını artırmır, həm də Avrasiya regionunda iqtisadi əlaqələrin genişlənməsinə və dayanıqlı nəqliyyat sisteminin qurulmasına mühüm töhfə verir. Orta Dəhlizin daha səmərəli fəaliyyət göstərməsi üçün region dövlətləri arasında koordinasiya mexanizmlərinin gücləndirilməsi və vahid nəqliyyat siyasətinin formalaşdırılması vacibdir. Bununla yanaşı, güman edirəm ki, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal logistika platformalarının tətbiqi və tranzit qaydalarının uyğunlaşdırılması kimi addımlar əməkdaşlığın effektivliyini artıracaq mühüm amillər ola bilər”, - deyə Nadir Azəri vurğulayıb.

CASCFEN sədri əlavə edib ki, Azərbaycanın regional siyasətində çoxtərəfli əməkdaşlıq platformalarının, xüsusilə Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq institutlar çərçivəsində tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi önəm kəsb edir: “Hesab edirəm ki, bu yanaşma region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının yaranmasına da şərait yaradacaq. Nəticə etibarilə strateji tərəfdaşlıq siyasətinin və regional əməkdaşlıq mexanizmlərinin institusional və koordinasiyalı formada inkişaf etdirilməsi Azərbaycanın regional və qlobal nəqliyyat sistemində mövqeyini daha da gücləndirəcək”.

Seçilən
10
1
azertag.az

2Mənbələr