Bakıda hazırda müşahidə olunan güclü yağış və küləkli hava şəraiti küçələrdə su yığınlarının yaranmasına və hərəkətin çətinləşməsinə səbəb olub. Belə hava şəraitində ən çox sual doğuran məqamlardan biri də son illər populyarlığı artan elektromobillərin təhlükəsizliyidir. Bir çox sürücü elektromobillərin su ilə təmasında qısaqapanma və ya batareya zədələnməsi riskindən ehtiyat edir. Bəs, reallıqda vəziyyət necədir və elektromobil sahibləri belə havalarda nələrə diqqət etməlidir?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Tale Ələddinzadə NOCOMMENT.az-a bildirib ki, elektromobillər əslində daxili yanma mühərrikli avtomobillərlə müqayisədə suya qarşı daha dözümlü konstruksiyaya malikdir: “Bir çox sürücü elə düşünür ki, elektromobil ‘təkərli batareya’ olduğu üçün su ilə təmasda dərhal sıradan çıxacaq. Lakin müasir elektromobillərin batareya blokları və elektrik mühərrikləri IP67 və ya IP68 beynəlxalq mühafizə standartlarına uyğun olaraq tam hermetikləşdirilir. Bu o deməkdir ki, batareya bloku müəyyən dərinlikdə suyun altında belə qısa müddət ərzində qala bilər və heç bir cərəyan sızması baş verməz. Daxili yanma mühərrikli maşınlarda hava kollektoruna su dolanda mühərrik ‘hidrozərbə’ alıb tam sıradan çıxdığı halda, elektromobillərdə belə bir risk yoxdur”.
Buna baxmayaraq, ekspert vurğulayır ki, bu, elektromobillə dərin su yığınlarına sürətlə girmək olar mənasına gəlmir: “Elektromobil sahiblərinə ilk tövsiyəm odur ki, suyun dərinliyi təkərin mərkəzi oxundan yuxarıdırsa, həmin əraziyə girməkdən yayınsınlar. Hermetiklik yüksək olsa da, yüksək təzyiqli suyun şit altındakı digər elektron modullara, sensorlara və naqillərin birləşmə nöqtələrinə zərər vermə ehtimalı həmişə var. Xüsusilə köhnə nəsil və ya qəzalı olub sonradan təmir edilən elektromobillərdə hermetiklik pozulmuş ola bilər ki, bu da ciddi fəsadlara yol açar”.
Tale Ələddinzadənin sözlərinə görə, yağışlı havada elektromobillərin şarj edilməsi məsələsi də sürücüləri narahat edən əsas məqamlardan biridir: “Şarj portları və tapançaları elə dizayn olunub ki, yağış altında istifadə zamanı qısaqapanma yaratmasın. Lakin güclü külək və leysan zamanı açıq havada şarj etməmək, əgər mütləqdirsə, konnektorun quru olduğundan əmin olmaq lazımdır. Əsas təhlükə batareyanın partlaması deyil, suyun avtomobilin daxili elektron sistemlərinə sızıb bahalı ehtiyat hissələrini sıradan çıxarmasıdır”.
Ekspert qeyd edib ki, Bakıdakı mövcud hava şəraitində elektromobil sürücüləri sürət həddini minimuma endirməli və regenerativ əyləcləmə sisteminin sürüşkən yolda təkərləri bloklamaması üçün diqqətli olmalıdırlar: “Yağışlı havada elektromobil idarə etmək təhlükəli deyil, sadəcə daha çox məsuliyyət və texniki bilik tələb edir. Əgər avtomobil dərin su yığınına düşübsə, sudan çıxdıqdan sonra mütləq əyləcləri qurulamaq və imkan varsa, servisdə alt hissənin vəziyyətinə vizual baxış keçirmək tövsiyə olunur”.
Tunar,
NOCOMMENT.az