AZ

Dağıstanda dəhşətli sel – Məmmədqalada insanları su apardı (VİDEO)

Rusiya Federasiyasının Dağıstan Respublikasında martın sonundan bəri davam edən anomal yağıntılar Dərbənd rayonunda dəhşətli faciəyə səbəb olub.

Musavat.com xəbər verir ki, bu gün — 6 aprel 2026-cı il tarixində Gecux su anbarının bəndinin partlaması nəticəsində Məmmədqala qəsəbəsini və ətraf kəndləri güclü sel suları basıb. Təbii fəlakət nəticəsində Məmmədqala və Gecux qəsəbələri arasındakı yolda hərəkət edən avtomobillər güclü axına tab gətirməyərək çaya yuvarlanıb. Hadisə yerindən gələn son məlumatlara görə, sel sularına qərq olan 7 nəfər xilas edilsə də, onlardan ikisi — bir qadın və bir uşaq xəstəxanada dünyasını dəyişib. Həkimlərin bütün səylərinə baxmayaraq, uzun müddət soyuq suda qalan yaralıların həyatını xilas etmək mümkün olmayıb.

Kütləvi təxliyə: Fövqəladə Hallar Nazirliyi (MÇS) bəndin dağılması ilə əlaqədar 6 kənddən 4165 nəfərin, o cümlədən 823 uşağın təxliyə edildiyini açıqlayıb. Məmmədqala qəsəbəsində və Çinar kəndində 4 müvəqqəti sığınacaq mərkəzi yaradılıb.

Sel suları təkcə yolları deyil, həm də yüzlərlə evi, körpünü və elektrik xətlərini sıradan çıxarıb. Dağılmış evlərdən birinin altında daha bir nəfərin cəsədinin tapıldığı bildirilir.

 Yerli hakimiyyət orqanları bu daşqını son 100 ilin ən böyük təbii fəlakəti kimi qiymətləndirirlər. Mahaçqala, Buynaksk və Xasavyurt rayonlarında artıq fövqəladə vəziyyət elan edilib. 500 mindən çox sakin işıqsız qalıb.

 Hazırda Məmmədqala çayı boyunca itkin düşənlərin axtarışı davam edir. Şahidlərin yaydığı görüntülərdə insanların damların üzərinə çıxaraq kömək gözlədiyi, avtomobillərin isə oyuncaq kimi axınla getdiyi görünür.

Dağıstan hökuməti zərərçəkənlərə təzminat ödəniləcəyini vəd etsə də, bölgədə vəziyyət kritik olaraq qalır. Yağışların davam etməsi xilasetmə işlərini çətinləşdirir.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr