Nyu-Yorka gedərkən təyyarənin göyərtəsində körpə dünyaya gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Aprelin 4-də Kinqstondan Nyu-Yorka uçan “Caribbean Airlines” aviaşirkətinin 005 nömrəli reysində qeyri-adi və sevindirici hadisə baş verib.
Uçuş zamanı hamilə sərnişinin qəfil doğuşu başlayıb və körpə təyyarə hələ eniş etməmiş dünyaya gəlib.
Təyyarənin kapitanı uçuş-enmə zolağına yaxınlaşarkən fövqəladə vəziyyət barədə məlumat verərək təcili eniş icazəsi istəyib: “Bortda hamilə sərnişinimiz var, o, hazırda doğuş edir”.
Dispetçer dərhal təcili tibbi yardım xidmətlərini eniş zonasına çağırıb.
Təyyarə yerə endikdən sonra dispetçerlər arasında maraqlı dialoq yaşanıb.
Dispetçer təyyarənin heyətindən “Caribbean 5, eniş etdiniz? Uşaq artıq doğulub?” deyə soruşub.
Pilotun “Bəli, cənab!” cavabından sonra dispetçer zarafatla “Ona deyin ki, adını Kennedi qoysun!” deyə əlavə edib.
İlkin tibbi yardım göstərildikdən sonra ana və körpə Kuinsdəki xəstəxanalardan birinə çatdırılıb. Onların səhhəti barədə hələlik rəsmi məlumat verilməyib.
Ananın körpəyə eniş etdikləri hava limanının adını verib-verməyəcəyi isə hələlik məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az