Türkiyə Super Liqasının 28-ci həftəsinin mərkəzi qarşılaşmasında “Fənərbaxça” öz meydanında “Beşiktaş”ı minimal hesabla məğlub edib.
“Şükrü Saracoğlu” stadionunda baş tutan gərgin derbi meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun taleyi ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə həll olunub. Belə ki, matçın 90+7-ci dəqiqəsində müdafiənin arxasına atılan uzun topa qaçan Nene “Beşiktaş”ın müdafiəçisi Aqbadou ilə mübarizədən sonra cərimə meydançasında yerdə qalıb. Bundan sonra Hakim Yasin Kol tərəddüd etmədən penalti nöqtəsini göstərib. 90+10-cu dəqiqədə topun başına keçən Kerem Aktürkoğlu dəqiq zərbə ilə “sarı-lacivərdlilər”ə qələbə qazandıran qolu vurub.
Qeyd edək ki, hazırda “Qalatasaray” 64 xalla liderliyini davam etdirsə də, “Fənərbaxça” və “Trabzonspor” hərəsi 63 xalla onu təqib edirlər. “Beşiktaş” isə bu məğlubiyyətdən sonra 52 xalla 4-cü pillədə qalıb.//Qafqazinfo
