Aralıq dənizinin mərkəzi hissəsində miqrantları daşıyan qayığın aşması nəticəsində azı iki nəfər həlak olub, 70-dən çox şəxs itkin düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Mediterranea Saving Humans” və “Sea-Watch” qeyri-hökumət təşkilatları məlumat yayıb.
“Mediterranea Saving Humans” təşkilatı bildirib ki, şənbə günü günortadan sonra Liviyadan yola düşən, göyərtəsində qadın və uşaqlar da daxil olmaqla 105 nəfər olan qayıq batıb. Nəticədə 70-dən çox şəxs itkin düşüb. Axtarışlar zamanı iki nəfərin meyiti sudan çıxarılıb, 32 nəfər isə xilas edilib. Hadisə Liviyanın nəzarətində olan axtarış-xilasetmə zonasında baş verib.
“Sea-Watch” təşkilatının məlumatına görə, sağ qalanlar iki ticarət gəmisi tərəfindən xilas edilərək bazar günü səhər saatlarında İtaliyanın Lampeduza adasına çatdırılıb.
Təşkilatın “X” platformasında paylaşdığı videoda, ehtimal ki, “Sea Bird 2” müşahidə təyyarəsi tərəfindən lentə alınmış kadrlarda insanların aşmış qayığın gövdəsindən yapışaraq açıq dənizdə sürükləndiyi, daha sonra isə ticarət gəmisinin onlara yaxınlaşdığı əks olunub.
Qeyd edək ki, Lampeduza adası Şimali Afrikadan Aralıq dənizi vasitəsilə Avropaya keçməyə çalışan miqrantlar üçün əsas giriş nöqtələrindən biridir və bu təhlükəli marşrut zamanı çoxsaylı insan həyatını itirir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, cari ilin əvvəlindən etibarən Aralıq dənizində 683 miqrant həlak olub və ya itkin düşüb.
İtaliyanın Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, aprelin 3-dək ölkə sahillərinə 6175 miqrant çatıb.