Musavat.com tanınmış hüquqşünas, media hüququ üzrə mütəxəssis Rəşid Hacılının yazısını təqdim edir:
Dünən İran yerüstü ilk savaşını uduzdu.
Göydə ABŞ-İsrail savaş təyyarələri ilə bacara bilmədi, bu heç.
Rahatca İran boyu o başdan bu başa uçurlar İsrail-ABŞ təyyarələri.
Gündə 700 uçuş edirlər. Neçə raket, mərmi, bomba atırlar hər gün.
İranın onları vurmaq üçün yararlı HHM gücü yoxdur. Atdıqları da dəymir.
Təyyarələr daha aşağıdan uçurlar indi. Yerdə hərəkət edən SEPAH avtomobillərinə belə göydən atəş açırlar. Sanki tülkü ovuna çıxıblar.
İranın yaxından vuran zenit raketləri hələ var. Hərdən nəyəsə dəyir raketləri. Əsasən PUA-lara.
Güc-bəla ilə bir təyyarəni vurub salmışdılar – F-15-i. 2 pilot düşmüşdü “daş dövrünə”.
ABŞ onları qurtarmaq üçün 2 gün yerüstü əməliyyatlar keçirdi.
Çoxsaylı helikopterlər, əsgərlər ərazini daradılar. Hər ikisini də tapıb apardılar – İranın xeyli içərisindən.
Dünən İrandan bir video yayılmışdı. İran silahlıları yerdən ABŞ helikopterlərini gülləyə tutublar. Şaqqaşaq atırlar. Helikopter dəstəsi isə heç nə olmayıb kimi uçub gedir.
100 kilometrlərlə İranın içində 2 gün gəzdilər, axtarıb tapdılar (xəritəyə bax), götürüb apardılar.
İran öz içində, öz torpağında 2 gün əlləşdi, çabaladı, şirin quyruğunu oynatdı, milyardlarla pul vəd etdi tapana. Əlində ox-yay hamı düşmüşdü dağ-dərəyə. Amma 2 pilotdan (bu gün aparılan yaralı idi) birini belə tuta bilmədilər.
Sabah gəlib o mollabaşıları, sepahbaşıları evindən çıxarıb aparacaqlar – belə getsə.
Yeri gəlmişkən, Dəli Domrulun İrana verdiyi ultimatumun bitməsinə bir gün qaldı.
İran millətlər həbsxanasıdır. Hamısı bu dağıntıların əzabını çəkəcəklər.

Rəşid Hacılı,
hüquqşünas