AZ

Türkiyə və Braziliya pilotsuz uçuş aparatlarının birgə istehsalını qurmaq niyyətindədir

Ankara, 5 aprel, AZƏRTAC

Türkiyə şirkətləri Braziliyada müdafiə təyinatlı məhsulların, o cümlədən “Anka” və “Aksungur” pilotsuz uçuş aparatlarının birgə istehsalını qurmağa hazırlaşırlar.

AZƏRTAC xəbər verir ki, bu razılaşmaların Türkiyə ilə Braziliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Sözügedən sənəd Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası tərəfindən təsdiqlənib.

Sənəd müdafiə təyinatlı məhsulların birgə istehsalını və texnologiyaların transferini, qarşılıqlı satınalmaları, birgə istehsal olunan məhsulların üçüncü ölkələrə satışını və digər məsələləri tənzimləyir.

Qeyd edək ki, ötən il Türkiyə reaktiv mühərriklərin Braziliyaya ilk ixracını həyata keçirib.

Türkiyə xarici işlər nazirinin müavini Mehmet Kemal Bozay bununla bağlı bildirib ki, Braziliya Latın Amerikası və Karib hövzəsi regionunda müdafiə sənayesinə qoyulan xərclərin həcminə görə liderdir və bu göstərici 25 milyard dollar təşkil edir.

“Türkiyə ilə Braziliya arasında müdafiə sənayesi sahəsində münasibətlər sürətlə inkişaf edir. Türkiyənin TUSAŞ şirkəti Braziliyanın “Akaer Engenharia” və “Embraer” şirkətləri ilə qarşılıqlı anlaşma memorandumları imzalayıb. TUSAŞ və “Embraer” tərəfindən təyyarə istehsalı üzrə birgə platformanın yaradılması üzərində işləyirik. Bundan əlavə, Türkiyənin “Aksungur” və “Anka” pilotsuz uçuş aparatlarının Braziliyada birgə istehsalı ilə bağlı danışıqlar aparılır. Reaktiv mühərriklər üzrə də danışıqlar davam edir. Türkiyənin digər iki şirkəti olan “Roketsan” və “Baykar” da müdafiə sənayesi məhsullarının satışı ilə bağlı Braziliya tərəfi ilə danışıqlar aparır”, – deyə nazir müavini bildirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
49
1
azertag.az

2Mənbələr