AZ

İranda Dəhşət: Atalar övladlarını öldürməyə BAŞLAYIR

İran bu gün təkcə xarici hərbi zərbələrin deyil, həm də daxili, mənəvi və ideoloji bir zəlzələnin mərkəzindədir. ABŞ və İsrailin hava hücumları fonunda ölkə daxilindəki ictimai rəyi ölçmək, internetin bloklanması səbəbindən çətin olsa da, sızan məlumatlar dəhşətli bir mənzərəni üzə çıxarır: İran cəmiyyəti və ailələri ortadan ikiyə bölünüb. Bir tərəfdə illərdir yığılan nifrətin gətirdiyi “bombalar yağsın, təki rejim getsin” deyənlər, digər tərəfdə isə öz övladına belə güllə atmağa hazır olan “Bəsic” üzvləri.

NOCOMMENT.az xəbər verir ki, Novruz bayramı iranlılar üçün minilliklərin gətirdiyi birlik, bərabərlik və ailə yığıncağı rəmzi olsa da, bu ilki bayram süfrələri “soyuq müharibə” poliqonuna çevrildi. Tehrandan tutmuş Rəştə qədər hər bir ailədə eyni dram yaşanır: qardaş bacıdan, övlad atadan üz döndərib. Sina adlı gəncin hekayəsi bu faciənin ən bariz nümunəsidir. Onun dayısı “Bəsic” (könüllü hərbi birləşmə) üzvüdür. “Bəsic” İranda sadəcə hərbi qüvvə deyil, həm də rejimin “dəyənəyi” hesab olunur. Dekabr və yanvar aylarında on minlərlə etirazçının qanına qəltan edilməsində bu qurumun müstəsna rolu var. Sinanın dediyinə görə, dayısı o qədər radikallaşıb ki, vaxtilə belə bir cümlə işlədib: “Əgər mənim övladlarım da küçəyə çıxıb rejim əleyhinə qışqırsalar və öldürülsələr, mən onların meyitinin dalınca getməyəcəyəm”. Bu, sadəcə bir siyasi fikir deyil, bu, bir cəmiyyətin genetik kodlarının necə zədələndiyinin göstəricisidir. Lakin müharibə qorxusu hətta ən qatı “Bəsic”çiləri də sarsıdır. Həmin dayı indi ailə yığıncaqlarına gəlməyə, qohumlarla münasibət qurmağa çalışır. Çünki göydən yağan raketlər ideologiya seçmir; onlar həm müxalifi, həm də rejim tərəfdarını eyni dərəcədə hədəf alır.

İran rejimi ölkəni dünyadan təcrid etmək üçün interneti tamamilə qapadıb. İnsanlar xarici dünyadan xəbər tutmaq üçün min bir əziyyətə qatlaşırlar. Bu məqamda ailədaxili münaqişələr texnoloji müstəviyə keçir. Tehranda yaşayan Kavehin hekayəsi buna misaldır. O, evində qanunsuz olaraq “Starlink” terminalı quraşdırıb ki, bu da İranda 2 ilə qədər həbs deməkdir. Lakin onun “Bəsic” üzvü olan bacısı bayram günü qardaşının cihazını söndürərək onu informasiyasız qoyub. Bu, təkcə cihaz söndürmək deyil, bir ailənin bir-birinə olan etibarının tamamilə itməsidir. Bacı qardaşını rejimə təslim etməyə, qardaş isə bacısını “zindanlıq cinayətkar” görməyə hazırdır. İranda ailə artıq sığınacaq deyil, qarşılıqlı casusluq mərkəzinə çevrilib.

Rəşt şəhərindən olan tələbə Maralın atası isə başqa bir qütbdədir. O, devrilmiş şahın oğlu Rza Pəhləvinin qatı tərəfdarıdır və xarici müdaxiləni İrana “demokratiya gətirəcək xilas yolu” kimi görür. Maral isə atasının bu “çəhrayı eynəkli” baxışından narahatdır. O, bombaların altında insanların öldüyünü gördükcə, atasının “5 ilə hər şey yaxşı olacaq” vədlərini boş illüziya hesab edir. Cəmiyyətin bir qismi hesab edir ki, rejim daxildən çökməyəcək və yalnız xarici zərbə onları bu “zülmətdən” çıxara bilər. Digər qrup isə xarici müdaxilənin İranı Suriya və ya Liviyaya çevirəcəyindən qorxur. Bu qorxu və ümid arasındakı uçurum ailələri sarsıdır.

Taranın ailəsindəki mənzərə isə bəlkə də ən kədərlisidir. Əvvəlcə anası və bacısı onu anti-müharibə mövqeyinə görə qınayırdılar: “Sən etirazlarda heç kimi itirməmisən, ona görə müharibəyə yox deyirsən” – deyirdilər. Onlar üçün rejimdən qisas almaq hissi öz canlarından keçmək hissindən daha güclü idi. Lakin bombalar yaxınlıqdakı məktəbləri və binaları vurduqca, bu qisasçılıq hissi yerini sağ qalma instinktinə verir. İndi bu ailənin tək bir arzusu var: sülh gəlmirsə, heç olmasa raket düşəndə hamısı bir yerdə ölsünlər. Bu, bir millətin gəldiyi son nöqtədir. Parçalanmış ailələr artıq yaşamaq üçün deyil, “birlikdə ölmək” üçün bir araya gəlirlər.

İran bu gün iki işğal altındadır: biri xarici dövlətlərin hərbi təzyiqi, digəri isə rejimin insanların ruhuna, ailəsinə, inancına etiyi işğal. 5 həftəlik intensiv bombalanma infrastrukturla yanaşı, insanların bir-birinə olan bağlılığını da dağıdır. “Bəsic” üzvlərinin öz övladlarını belə fəda etməyə hazır olması, inqilabın öz övladlarını necə yediyinin ən bariz sübutudur. İran xalqı bu gün “iki şər” arasında seçim etməyə məcbur qalıb. Ya qanlı repressiyaları davam etdirən mövcud rejim, ya da ölkəni xarabalığa çevirən xarici müdaxilə. Bu seçim isə ən böyük yaranı ailələrin qəlbində açır. Süfrə başında bir-biri ilə danışmayan, bir-birinin internetini kəsən, bir-birini ölümə göndərməyə hazır olan insanlar – müharibənin əsl itkisi budur. İranda baş verənlər sadəcə bir geosiyasi münaqişə deyil, bu, bir sivilizasiyanın öz daxilində apardığı ağrılı və qanlı bir transformasiyadır. Və bu transformasiyanın ən böyük qurbanı, dövlətin təməli olan ailə institutudur.

İranda ailə institutunun bu dərəcədə sarsılması əslində dövlət modelinin iflasıdır. Bir dövlət ki, öz vətəndaşını, öz ordusunu (Bəsic simasında) öz ailəsinə qarşı qoyur, o dövlətin gələcəyi artıq sual altındadır. Larri Consonun dediyi müdafiə sistemlərinin çatışmazlığı hərbi məsələdir, amma ailələrin parçalanması mənəvi müdafiə sisteminin çökməsidir. Onun sözlərinə görə, bu asimmetrik gərginlik cəmiyyətdə partlayış həddinə çatıb. İranlılar illərdir təzyiq altında yaşayırlar. Amma indi vəziyyət fərqlidir. Xarici zərbələr bəzilərində qisas hissini tetikləyib, bəzilərində isə vətənpərvərlik instinktini. Amma ən dəhşətlisi budur ki, rejimin sadiq bəndələri olan “Bəsic”çilər artıq öz yaxınları tərəfindən “yad element” kimi qəbul olunurlar. Bu, İranda daxili vətəndaş müharibəsinin gizli, soyuq formasıdır. İnsanlar eyni evin içində bir-birinə düşmən kəsiliblər. Beynəlxalq təcrid və internet blokadası bu yaraları daha da dərinləşdirir.

İnformasiya vakuumu şayiələri və qorxunu artırır. Starlink terminalına görə bacının qardaşını şikayət etməsi və ya cihazını sıradan çıxarması ideoloji korluğun zirvəsidir. İrandakı bu ssenari göstərir ki, hərbi qələbə kimin tərəfində olursa-olsun, bu xalqın mənəvi bərpası onilliklər aparacaq. Çünki dağılan binaları tikmək olar, amma öz övladına güllə atmağa hazır olan atanın və ya bacısını rejimə satan qardaşın yaratdığı travmanı sağaltmaq mümkün olmayacaq.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
46
nocomment.az

1Mənbələr