AZ

Avropada "kölgə ordusu" xaosu – İrana bağlı yeni qrup qitəni qorxu içində saxlayır

Yaxın Şərqdə davam edən genişmiqyaslı müharibə fonunda Avropanın mülki obyektlərinə-sinaqoqlara, yəhudi məktəblərinə və ABŞ-a məxsus banklara qarşı silsilə hücumlar başlayıb.

Musavat.com xəbər verir ki, "Financial Times" (FT) nəşri bu hücumların arxasında cəmi bir ay əvvəl peyda olan və İrana bağlılığı şübhə doğurmayan "Əshab əl-Yəmin" (Sağ tərəfin adamları) adlı gizli qruplaşmanın dayandığını yazıb.

Martın 9-dan etibarən Belçika, Niderland, Fransa və Böyük Britaniyada qeydə alınan 7-dən çox terror aktı birbaşa bu qrupun fəaliyyəti ilə əlaqələndirilir. Kəşfiyyat məlumatlarına görə, İran kəşfiyyatı bu hücumlar üçün yerli cinayətkar şəbəkələrdən və sosial media vasitəsilə cəlb edilən yeniyetmələrdən "istifadə edilib atılan agentlər" kimi faydalanır. Bu hibrid müharibə taktikası Tehrana həm ucuz başa gəlir, həm də rəsmi şəkildə hadisələri inkar etmək imkanı verir.

Analitiklər vurğulayırlar ki, qrupun təbliğat materiallarında klassik islamçı ritorikadan daha çox Avropa cəmiyyətində daxili gərginliyi qızışdırmaq üçün düşünülmüş mürəkkəb manipulyasiyalardan istifadə olunur. Hazırda Niderland və Belçika kəşfiyyatı "İran izini" rəsmən araşdırır, Mossad isə bu qrupun SEPAH tərəfindən yaradılmış "fiktiv marka" olduğunu iddia edir.

Pasxa bayramı ərəfəsində Avropanın iri şəhərlərində təhlükəsizlik tədbirləri görünməmiş dərəcədə gücləndirilib, çünki Tehranın bu "ikinci cəbhə" vasitəsilə Qərbi daxildən sarsıtmağa çalışdığı bildirilir.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr