AZ

Almaniyada ənənəvi sülh yürüşləri: Minlərlə insan müharibələrə və silahlanmaya etiraz edib

Berlin, 5 aprel, AZƏRTAC

Almaniyada Pasxa bayramlarında təşkil olunan ənənəvi sülh yürüşləri bu il də geniş coğrafiyanı əhatə edib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ölkənin 70-dən çox şəhərində keçirilən aksiyalarda minlərlə insan müharibələrə və silahlanmaya qarşı etiraz edib. Əsas tədbirlər Berlin, Köln, Leypsiq, Münxen, Ştutqart və digər şəhərlərdə baş tutub. Ümumilikdə Pasxa günləri ərzində 100-ə yaxın yürüş planlaşdırılıb.

Aksiyaların iştirakçıları Yaxın Şərqdə və Ukraynadakı münaqişələrə son qoyulması, Almaniya ordusunun gücləndirilməsi və hərbi xidmətin bərpası ilə bağlı tələb və etirazlarını bildiriblər. Onlar beynəlxalq hüquqa riayət olunmasını və müharibələrin dayandırılması üçün diplomatik təşəbbüslərin artırılmasını tələb edirlər.

Bu aksiyalar 1980-ci illərdən keçirilir. Həmin vaxt nüvə silahlarına qarşı keçirilən etirazlarda yüz minlərlə insan iştirak etdiyi halda, son illərdə bu göstərici aşağı səviyyədədir.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
16
17
azertag.az

10Mənbələr