AZ

“Çin ABŞ nin kəşfiyyat məlumatlarını İrana satır”

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Çinlə əlaqəli bəzi şirkətlər İran müharibəsi fonunda ABŞ hərbi qüvvələrinin fəaliyyətini ifşa edən kəşfiyyat məlumatlarını toplayaraq kommersiya məqsədilə satışa çıxarır.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “The Washington Post” çıxış edib.

Qəzet yazır ki, Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli olduğu deyilən firmalar süni intellekt texnologiyalarından istifadə edərək, açıq mənbələrdən əldə edilən məlumatları birləşdirir və bazara çıxarır.

Məlumata görə, İranla bağlı münaqişə başlayandan sonra sosial mediada ABŞ hərbi bazaları, təyyarədaşıyan qruplar və bölgədəki hərbi hazırlıq barədə detallı məlumatların yayıldığı müşahidə olunub. Bu məlumatların bir hissəsinin məhz belə texnologiyalar vasitəsilə analiz edilərək paylaşıldığı iddia edilir.

Qeyd olunur ki, Çin rəsmi olaraq münaqişədə birbaşa iştirakdan uzaq mövqe sərgiləsə də, bu prosesdən dolayı şəkildə faydalanmağa çalışır.

Bildirilir ki, uçuş izləmə sistemləri, peyk görüntüləri və gəmiçilik məlumatları kimi açıq mənbələr uzun müddətdir istifadə olunsa da, süni intellektin inkişafı bu məlumatların daha sürətli və effektiv şəkildə emalına imkan yaradır. Bu isə ABŞ-nin hərbi fəaliyyətlərini gizli saxlamağı daha çətinləşdirir.

Bəzi ABŞ rəsmiləri və kəşfiyyat mütəxəssisləri bu tendensiyanı ciddi təhlükəsizlik riski kimi qiymətləndirərək, özəl sektor vasitəsilə yayılan məlumatların milli təhlükəsizlik baxımından yeni çağırışlar yaratdığını vurğulayıblar.

Eyni zamanda, əvvəllər dərc olunan materiallarda Çinin mülki-hərbi inteqrasiya strategiyası çərçivəsində süni intellekt sahəsinə böyük investisiyalar yatırdığı və bu istiqamətdə fəaliyyətini genişləndirdiyi qeyd olunub.

Məlumatlarda həmçinin Rusiyanın da İrana bölgədəki ABŞ qüvvələri ilə bağlı müəyyən kəşfiyyat məlumatları ötürdüyü iddia edilir.

ABŞ müdafiə naziri Pit Heqset isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, rəqib ölkələrin bəzi hallarda paylaşmamalı olduqları kəşfiyyat məlumatlarını ötürdüklərindən xəbərdardırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
50
qafqazinfo.az

10Mənbələr