AZ

İşdən çıxanda bu şəxslərə pul verilir

Azərbaycanda işçilərin işdən çıxarılması prosesi Əmək Məcəlləsi ilə ciddi şəkildə qorunur. İşçinin öz istəyi ilə işdən ayrılması və ya işəgötürənin təşəbbüsü ilə ixtisara düşməsi fərqli hüquqi nəticələr doğurur. Xüsusilə ixtisar prosesində dövlət vətəndaşın sosial müdafiəsini təmin etmək üçün müəyyən ödənişlərin edilməsini məcburi hesab edir.

KONKRET.az bildirir ki, məsələnin Azərbaycanda necə tənzimlənməsi haqqında Demokrat.az-a danışan vəkil Emil Aslanov bildirib ki, işçiyə ixtisar halında kompensasiya verilməlidir:

“Əgər mümkündürsə, işçi digər oxşar işə keçirilməlidir. Əgər onun iş stajı və digər güzəştləri varsa, bununla bağlı digər işə keçirilməlidir. Əgər digər iş mümkün deyilsə, bu halda ona işdən çıxma kompensasiyası verilməlidir. Məsələn, məcburi köçkünlərin işdən çıxarılması zamanı, öhdəsində yetkinlik yaşına çatmayan uşaqları olduqda, işdən çıxarılmada müəyyən imtiyazlar tətbiq olunur”.

Hüquqşünas bildirib ki, ixtisar zamanı bəzi qruplara üstünlük verilir. Öhdəsində azyaşlı uşağı olan şəxslər və ya məcburi köçkün statusuna malik olanlar işdə saxlanmaq üçün qanuni imtiyazlara sahibdirlər. Bu şəxslərin ixtisara salınması yalnız başqa seçim qalmadıqda mümkündür.

Vəkil deyib ki, işçi öz şəxsi ərizəsi ilə işdən çıxırsa, ona aylıq kompensasiya verilmir:

“Sadəcə məzuniyyət pulları düzgün hesablanmaqla son haqq-hesab, yəni işlədiyi dövrlər ərzində maaşında verilmiş hər hansı əlavələr, premiyalar və.s ödənilməlidir”.

Yəni, işçi öz ərizəsi ilə vəzifəsindən ayrıldıqda isə vəziyyət bir qədər fərqlidir. Belə hallarda işəgötürən tərəfindən hər hansı əlavə kompensasiya və ya müavinət ödənilmir. İşçiyə sadəcə istifadə etmədiyi məzuniyyət günlərinin pulu və faktiki işlədiyi günlərin maaşı verilir. Bura əmək müqaviləsində nəzərdə tutulan mükafatlar və digər əlavələr də daxil edilir. Son haqq-hesab işçinin işdən çıxdığı sonuncu iş günündə tam şəkildə ödənilməlidir.

Seçilən
43
konkret.az

1Mənbələr