AZ

Putin Ermənistanda çevriliş anonsu verdi

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 1-də Kremldə Prezident Vladimir Putinlə söhbəti mübahisəli tonda keçib.

Halbuki, Paşinyanın Moskvaya rəsmi səfərinin Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi Rusiya ilə münasibətlərin yumşaldılmasına xidmət etdiyi güman edilirdi. Lakin həm Putin, həm də Paşinyan müzakirə olunan bütün məsələlər üzrə diplomatik etiket normalarını qorumağa çalışsalar da, tərəflər arasında fikir ayrılığı özünü açıq büruzə verib. Hətta bəzi məqamlarda bu, yumşaq mübahisəyə çevrilib.

Prezident Putin Baş nazir Paşinyana Rusiyanın maraqlarına zidd siyasət yürütdüyünə görə öz iradlarını bildirməyə çalışıb. Cavabında isə Paşinyan öz mövqeyində haqlı olduğunu əsaslandırmağa çalışıb. Sözügedən danışıqlarda Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı dialoq xüsusilə diqqəti cəlb edib. Çünki Paşinyanın səfərinin əslində, Rusiyanın seçkilərə müdaxiləsinin və müxalifətə dəstəyinin qarşısını almaq üçün qarşılıqlı razılaşmaya nail olmaq məqsədi daşıdığı ehtimal edilirdi. 

Qeyd edək ki, Vladimir Putin Moskvanın Ermənistanda gedən seçkiqabağı proseslərə anlayışla yanaşdığını deyib. O, bu proseslərin Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcəyinə ümid bəslədiyini vurğulayıb. Putin Ermənistanda daxili siyasi proseslərin aktiv mərhələdə olduğunu qeyd edib.

“Biz görürük ki, Ermənistanda daxili siyasi proseslər vüsət alır və tezliklə seçkilər keçiriləcək”,- deyə Kreml rəhbəri bildirib. Onun sözlərinə görə, seçkiqabağı dövrdə siyasi gərginlik təbiidir, lakin bu, ikitərəfli münasibətlərə təsir etməməlidir:

“Əsas odur ki, bu gərginliklər bizim münasibətlərimizə heç bir şəkildə zərər verməsin”.

Putinin sonra seçkilərlə bağlı Paşinyanın qarşısında irəli sürdüyü şərt və Paşinyanın buna reaksiyası danışıqların siyasi əhval-ruhiyyəsini pozub.

“Ermənistanda çoxsaylı dostlarımız var, həddindən çox. Biz bunu bilirik”,- deyən Prezident Putin eyni zamanda, Rusiya Federasiyasında 2 milyondan çox erməninin yaşadığını xatırladıb. O, Ermənistanda fəaliyyət göstərən müxtəlif siyasi qüvvələrin, o cümlədən rusiyayönümlü qüvvələrin seçkilərdə iştirak edə biləcəyinə ümidvar olduğunu bildirib: “Biz çox istərdik ki, bütün bu siyasi partiyalar və xadimlər seçki dövründə daxili siyasi proseslərdə iştirak edə bilsinlər”. 

Eyni zamanda, Rusiya Prezidenti Rusiyanın Ermənistanın daxili işlərinə qarışmadığını vurğulayıb. Ermənistanda həbsdə olan bəzi xadimlərə toxunaraq, “Bu sizin qərarınızdır, biz müdaxilə etmirik”- deyə qeyd edib.

Putinin bu xahişinə cavabında Nikol Paşinyan Ermənistanın həbsxanalarında siyasi məhbus olmadığını bildirib. Hökumət başçısı qeyd edib ki, Ermənistanda demokratik sistem var və bir çoxları hətta həddindən artıq demokratiyanın olduğundan şikayətlənir. O, seçkilərdə iştirakla bağlı bildirib ki, baş nazir də parlament seçkilərinin nəticələrinə əsasən seçilməlidir. Bu seçkilərdə yalnız Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər:

“Ermənistan Konstitusiyasına görə, Rusiya pasportu olan şəxslər parlamentə və ya baş nazirliyə namizəd ola bilməzlər”. 

Eyni zamanda, Baş nazir ölkədə keçiriləcək parlament seçkilərindən sonra Ermənistan-Rusiya münasibətlərinin dinamik şəkildə inkişaf edəcəyinə inandığını bildirib.

“Əminəm ki, qarşıdan gələn seçkilərdən sonra Ermənistanda demokratiya və xalq hakimiyyəti daha da möhkəmlənəcək. Seçkilərdən sonra da münasibətlərimiz dinamik şəkildə inkişaf etməyə davam edəcək”, - Nikol Paşinyan vurğulayıb.

Qeyd edək ki, nə Putin, nə də Paşinyan konkret ad çəkib. Bununla belə, söhbətin rusiyalı milyarder, hazırda həbsdə olan Samvel Karapetyandan getdiyi aydın olur. Güclü Ermənistan Partiyasının sədri və baş nazirliyə namizəd Samvel Karapetyana qarşı vergidən yayınma, “çirkli pul”ların yuyulması, külli miqdarda əmlak oğurluğu və hakimiyyəti ələ keçirməyə çağırış ittihamları ilə cinayət işi açılıb. Putinin açıqlaması Ermənistandakı seçki prosesində Rusiyanın dəstəklədiyi namizədin Samvel Karapetyan olduğunu göstərir. Yəni əvvəlki seçkilərdən fərqli olaraq, Kreml artıq sabiq prezident Robert Köçəryana siyasi dəstəyini geri çəkib.

Putin də onun Ermənistan cəmiyyətində sosial bazasının xeyli zəiflədiyini və yenidən hakimiyyətə qayıtmaq şansının olmadığının fərqindədir. Əgər Rusiya Prezidenti əvvəllər Köçəryana “dost” deyib onun həbsdən buraxılmasını tələb edir, hər il ad gününü təbrik edirdisə, indi sabiq prezidentin üzərindən “xətt” çəkildiyini görmək olar. Hazırda Putin “çoxsaylı dostlarımız” və “həbsdə olan bəzi xadimlər” dedikdə əslində Samvel Karapetyanı nəzərdə tutur. Yəni Kreml hələ də Nikol Paşinyanı devirmək və onun yerinə öz adamını gətirmək niyyətindədir. 

Xatırladaq ki, Rusiyanın 2022-ci ildə Qarabağa göndərdiyi milyarder Ruben Vardanyanı sonradan Ermənistanda hakimiyyətə gətirmək planı uğursuzluqla nəticələnmişdi. Paşinyan hakimiyyətinin Vardanyanı əvvəlcə Ermənistana buraxmaması, sonra isə Azərbaycan tərəfindən həbs edilməsi Rusiyanın planını pozdu. Görünür, indi Moskva Samvel Karapetyanın timsalında Rusiya vətəndaşı olan növbəti erməni milyarderi Paşinyanın yerinə gətirməyə çalışır.

Lakin Ermənistanın Baş naziri bu dəfə də preventiv addımlar ataraq Karapetyanı həbs etdirməklə Rusiyanı qabaqlaya bilib. Paşinyanın Karapetyanı hətta azadlığa buraxılsa belə, seçki prosesindən kənar saxlamaq üçün kifayət qədər hüquqi əsasları var. Samvel Karapetyan Rusiya vətəndaşıdır və Ermənistan pasportu daşımır. Ermənistan qanunvericiliyi həbsdə olan şəxsin seçkilərdə iştirakına qadağa qoymur. Ancaq həmin şəxs Ermənistan vətəndaşı olmalıdır. Xarici ölkə vətəndaşının seçkilərdə namizəd olmasına və yüksək dövlət vəzifəsi tutmasına qanunla icazə verilmir. 

Ona görə də çox güman ki, Samvel Karapetyan aprel ayının 23-dən sonra başlanacaq namizədlərin qeydə alınması prosesindən keçə bilməyəcək. Yəni Mərkəzi Seçki Komissiyası Rusiya vətəndaşı olmasını əsas gətirərək Karapetyanın deputatlığa namizədliyini qeydə almayacaq. Bununla da Rusiyanın planı növbəti dəfə pozulacaq. Qeyd edək ki, Ermənistanın yeni konstitusiyasında bu qaydalar daha da sərtləşdirilib. Yeni ali qanunda başqa ölkələrdə yaşayan ermənilərə sadələşdirilmiş qaydada Ermənistan vətəndaşlığının verilməsi qadağan edilir.

Bu halda nə Rusiyada, nə də digər xarici dövlətin vətəndaşı olan erməni paralel olaraq, Ermənistandakı siyasi proseslərə müdaxilə edə biləcək. Samvel Karapetyanın seçki prosesindən kənarda qalması onun uğur qazanmaq şansını əngəlləməklə yanaşı, müxalifət düşərgəsində parçalanmanı sürətləndirə bilər. Reytinq göstəricilərinə görə, Paşinyanın əsas rəqibi hesab edilən Samvel Karapetyanın seçkiyə buraxılmaması digər müxalif qütbün lideri Robert Köçəryanın əlini gücləndirəcək. Yəqin ki, Köçəryan Karapetyanın bir sıra tərəfdarlarının səslərini qazanmağa çalışacaq.

Eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının da seçkilərdə iştirakdan imtina etdiyini nəzərə alsaq, hadisələrin belə inkişafı Köçəryana Rusiyayönümlü revanşist müxalifətin əsas favoritinə çevrilməyə imkan verəcək. Bu halda Köçəryan Moskvanın dəstəyini əldə etməyə çalışacaq. Ancaq onun seçkilərdə qalib gəlmək və hakimiyyətə gəlmək şansı yoxdur. Rəy sorğuları Köçəryanın liderlik etdiyi “Ermənistan” blokunun 8 faizlik reytinqə malik olduğunu göstərir ki, bu da ona ən yaxşı halda parlamentdəki müxalif çoxluğu qoruyub saxlamaq imkanı verə bilər. Parlamentdə qüvvələr nisbətinin bu şəkildə qalması isə Nikol Paşinyanın maraqlarına cavab verir. 

Müşfiq Abdulla

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
35
cebheinfo.az

10Mənbələr