Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər:
"Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq. Nəzərinizə çatdırırıq ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir".
Qeyd edək ki, son vaxtlar bir sıra ali təhsil ocaqlarına qəbul sayında artım müşahidə edilsə də, pedaqoji ixtisaslara qəbulda müəyyən qədər azalma özünü göstərir. Bu isə əsasən pedaqoji ixtisaslardan məzunların çoxluğu ilə əlaqələndirilir.
Pedaqoji ixtisaslara qəbul sayı azaldıldığı təqdirdə qeyri-pedaqoji ixtisaslara sahib şəxslərə bu sahədə çalışmaq imkanı hansı zərurətdən yaranıb?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cümhuriyət”-ə bildirib ki, o, qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulunun faydası ola biləcəyini düşünür və bununla bağlı bir neçə mühüm məqamların olduğunu deyir:
:640.jpg)
“Bakıda və digər bölgələrdə yüzlərlə abituriyent var ki, onları ali məktəbə qəbul imtahanı ilə bağlı hazırlaşdıranlar qeyri peşə sahibləridir. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirən və riyaziyyatı yaxşı bilən müəllimlər var. Bunların arasında şəxsən mənim tanıdıqlarım da var. Bu gün informatika fənni çox az tədris olunur.
Bunun üçün xüsusi vakansiyanı təmin etmək bir qədər problem yaradır. Ancaq yerlərdə IT ixtisası olan şəxslər var ki, onlar həmin müəllimləri əvəz edə biləcəklər. Yəni bu proses uyğun ixtisaslara görə müəllim boşluğunu doldura biləcək. Ancaq bunun hansı risklər yarada biləcəyi ilə bağlı bir qədər düşünmək lazımdır”.
Bu sahədə mövcud risklərə gəldikdə isə ekspertin sözlərinə görə, ola bilər ki, bəzi şəxslər illərlə pedaqoji yanaşmadan kənarda qalıb, ancaq fizika, kimya, riyaziyyatı yaxşı bilir:
“Yaxud da saathesabı az olan sahələr üzrə həmin şəxslər ikinci iş yeri kimi gedib işləyə biləcək. Məsələn, kimya mühəndisi kimyanı yaxşı izah edə biləcək. Tarixçidirsə, gedib tarix fənnini yaxşı tədris edə biləcək. Ancaq risk ondadır ki, pedaqoji yanaşma ilə bağlı problem yaşaya bilərlər. Mənim fikrimcə, imtahandan sonra onlar müəyyən adaptasiya üçün 2-3 ay müddətində kurs keçsələr, daha yaxşı olar. Ümumilikdə bu, həm də müəllimlərlə bağlı boşluğu doldura biləcək”.
Ekspertin fikrincə, ümumilikdə ali məktəblərə qəbul sayında artımla bağlı müəyyən təkliflər var:
“Məhz bu məqsədlə hər il qəbul sayı artırılır. Ancaq burada problem yaradan odur ki, bəzi fənnlər ancaq V-VI sinifdən sonra həftədə 1 saat tədris olunur. Həmin az saatlar üçün mövcud vakansiyanı təmin edən müəllimlər yoxdur. Yəni ixtisaslı müəllimlər getmirlər. Ona görə də həmin ixtisası seçəcək müəllimlər həmin qeyri-pedaqoji ixtisas sahibləri ola bilərlər. Bu proses həmin boşluğun qarşısını ala biləcək. Qeyri-pedaqoji ixtisaslara sahib şəxslər Müəllimlərin İşə Qəbulu imtahanından keçdikdən 3 il sonra sertifikasiyaya cəlb olunacaqlar”.
Nigar Abdullayeva
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.