AZ

"Müharibə dumanı"nda edamlar – Rejim daxili rəqiblərini təmizləyir



İranın məhkəmə hakimiyyəti, beynəlxalq ictimaiyyətin və hüquq müdafiə təşkilatlarının bütün çağırışlarına baxmayaraq, daha iki siyasi məhbusun edam hökmünü icra edib.

Aia.az xəbər verir ki, dövlət televiziyasının yaydığı rəsmi məlumata görə, Əbülhəsən Müntazir və Vahid Bəni-Amerian bu gün — 4 aprel 2026-cı il tarixində səhər saatlarında edam ediliblər. Hər iki məhbus 2024-cü ilin dekabrında Ali Məhkəmə tərəfindən təsdiqlənmiş hökm əsasında "Mücahidin-e Xalq" (MEK) müxalif qrupu ilə əlaqədə və "dövlətə qarşı silahlı qiyamda" ittiham olunurdular. "Amnesty International" kimi beynəlxalq hüquq müdafiə təşkilatları hər iki şəxsin etirafedici ifadələr almaq üçün amansız işgəncələrə məruz qaldığını və məhkəmə prosesinin qeyri-şəffaf keçirildiyini bəyan etmişdi.

Xüsusilə 66 yaşlı Əbülhəsən Müntazirin ağır ürək və böyrək xəstəliklərindən əziyyət çəkməsinə baxmayaraq edam edilməsi böyük narazılığa səbəb olub.

Qeyd olunur ki, Tehran rejimi ABŞ və İsraillə davam edən hərbi münaqişənin yaratdığı "müharibə dumanı"ndan istifadə edərək daxili müxalifəti tamamilə susdurmaq üçün repressiyaları kəskinləşdirib. Hazırda İran həbsxanalarında daha bir neçə siyasi məhbusun edam növbəsində olduğu bildirilir, beynəlxalq birlik isə bu edamları pisləyərək İrana qarşı sanksiyaların genişləndirilməsini müzakirə edir.



Seçilən
46
1
aia.az

10Mənbələr