AZ

Trampın İranla bağlı əsl məqsədi…  

ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, Birləşmiş Ştatlar Hörmüz boğazını yenidən aça və neft axınlarını ələ keçirə bilər. ABŞ lideri bu barəda sosial media hesabında yazıb.

“Bir az daha vaxtla biz asanlıqla Hörmüz boğazını aça, nefti götürə və böyük qazanc əldə edə bilərik” - deyə o qeyd edib.

Bir müddət əvvəl Tramp “Düşünürəm ki, o özü açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”-demişdi. Daha sonra isə Hörmüzün Avropaya və digər ölkələrə lazım olduğunu, onları hərəkətə keçməyə çağırmışdı. Hətta İranla birgə nəzarət variantı da müzakirəyə çıxarılmışdı. Son açıqlama isə Ağ Evin Hörmüzlə bağlı fərqli planının olmasından xəbər verir.

Sahib

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirib ki, Hörmüz boğazı istənilən halda açılacaq: “ABŞ müharibəni yarımçıq qoyub geri çəkilsə də, açılacaq, güc tətbiqi yolu ilə İranı buna vadar etməklə də. Baxın, tutaq ki, ABŞ müharibəni yarımçıq qoyub getdi, onda İran nə bəhanə gətirib boğazı açmayacaq?Bunu etmədiyi təqdirdə, təsəvvür edirsinizmi, necə bir reallıqla üzləşəsidir?” S.Alıyevin fikrincə, ümumiyyətlə, ABŞ-nin əsas məqsədi hazırda heç də Hörmüz boğazını açmaq deyil: “ABŞ-nin məqsədi Prezident Tramın dediyi, daha dəqiqi, dilindən qaçırdığı kimi, İranı daş dövrünə qaytarmaqdır. Bu baxımdan respublikaçı senator Lindsi Qrem indiki vəziyyəti "2000 illik münaqişəni" bitirmək üçün" ən yaxşı fürsəti" kimi dəyərləndirir. Bunun nə anlam daşıdığı yəqin aydındır.
Təbii ki, məqsəd təkcə bu deyil, həm də İranın karbohidrogen ehtiyatlarını tam öz nəzarətinə götürməkdir”.

Deputat ABŞ liderinin bu kimi, fərqli bəyanatlarından təəccüblənmədiyini qeyd edib: “Cənab Trampın digər açıqlamalarına gəldikdə, mən sizin sualı cavablandırana qədər yəqin onunla uyğunlaşmayan yenisini səsləndirəcək, yazını sayta yerləşdirəndə isə tam başqa fikir söyləyəsidir”.

Elşad,
Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr