Manaf Manafov: “İqtisadi əməkdaşlıq Türk Dövlətləri Birliyinin mühüm sütunudur”
“Bakı növbəti dəfə Türk dünyasının tarixi birliyinə və qardaşlıq bağlarının sarsılmazlığına ev sahibliyi etdi. Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin yüksək rütbəli rəsmilərini qəbul edərək, bu görüşün həm rəmzi, həm də praktiki əhəmiyyətini diqqətə çatdırdı. Nümayəndə heyətinin tərkibində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi şəxslərinin, eləcə də TDT-nin Baş katibinin iştirakı Bakı toplantısının yüksək statusundan xəbər verirdi.”
Bunları aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
Fikirlərini davam etdirən hakim partiya təmsilçisi qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Bakı görüşü ölkələrimiz arasındakı həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirildi: “Azərbaycanın xarici siyasətində TDT-nin inkişafının prioritet istiqamət olduğunu vurğulayan cənab Prezident, “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” strateji şüarı ilə ortaq etnik köklər, tarix və mədəniyyət üzərində qurulan bağların ən böyük güc mənbəyimiz olduğunu bir daha təsdiqlədi. Bu gün müstəqil türk dövlətlərinin beynəlxalq arenada vahid mövqedən çıxış etməsi təşkilatın qlobal nüfuzunu sürətlə artırır. Həmçinin cənab Prezident qeyd etdi ki, TDT-nin dünyanın aparıcı beynəlxalq qurumları sırasına daxil olması birgə səylərimizdən asılıdır. Şuşada keçirilən qeyri-rəsmi sammit kimi mühüm təşəbbüslər dövlət başçılarının mütəmadi təmasda olmasına və sürətlə dəyişən dünyada ortaq addımlar atmasına zəmin yaradır. İqtisadi əməkdaşlıq da bu birliyin mühüm sütunudur. Azərbaycanın üzv ölkələrə qoyduğu investisiyaların həcmi 20 milyard dolları ötüb. Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yaradılan birgə investisiya fondları bu iqtisadi tərəfdaşlığı yeni mərhələyə daşıyır. Görüşdə xüsusi həssaslıqla toxunulan məqam qardaş dövlətlərin Qarabağ və Şərqi Zəngəzurun bərpasında göstərdiyi misilsiz dəstək oldu. Füzulidə ucalan Mirzə Uluqbəy məktəbi (Özbəkistan), Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi (Qazaxıstan), Ağdamda təməli qoyulacaq Manas məktəbi (Qırğızıstan) və Xankəndidə fəaliyyətə başlayan tikiş fabriki (Özbəkistan) bu birliyin canlı abidələridir. Türkiyə şirkətlərinin azad edilmiş ərazilərdə infrastruktur layihələrindəki fəal iştirakı, eləcə də Azərbaycanın Kahramanmaraşda inşa etdiyi “Azərbaycan məhəlləsi” qardaşlığın sadəcə sözdə deyil, əməldə olduğunun sübutudur. Nəqliyyat-logistika sahəsi də müzakirələrin mərkəzində idi. Cənab Prezident İlham Əliyev Orta Dəhliz, Trans-Xəzər və Zəngəzur dəhlizi kimi layihələrin geniş bir coğrafiyanın maraqlarına xidmət etdiyini bildirdi. Azərbaycan bu istiqamətdə bütün infrastruktur işlərini yekunlaşdırmaq üzrədir: Zəngəzur dəhlizinin avtomobil yolunun 90 faizi, dəmir yolunun isə 70 faizi tamamlanıb. Türkiyədə Qars-Naxçıvan dəmir yolunun inşası ilə bu dəhliz 15 milyon ton yükdaşıma potensialı olan nəhəng arteriyaya çevriləcəkdir. Sonda dövlət başçısı bu tarixi görüşün Türk dünyasının sülh, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə etdi” – deyə, Manaf Manafov fikirlərini tamamlayıb.