AZ

“Artemida-2” missiyası: astronavtlar 57 il sonra rekord məsafə qət edir - FOTO

BAKI, 4 aprel. TELEQRAF

ABŞ-nin NASA tərəfindən həyata keçirilən “Artemida-2” missiyasının ekipajı Yer kürəsindən 100 min mildən çox məsafəyə çatıb.

Teleqraf xəbər verir ki, astronavtlar Yer orbitini tərk edərək Aya doğru hərəkət edir və tarixdə ən uzaq məsafəyə uçan insanlar olmağa yaxındır .

Məlumata görə, Orion kapsulu mühərriklərin işə salınmasından sonra translunar trayektoriyaya daxil olub. Bu, insanlı uçuşların 1972-ci ildə həyata keçirilən Apollo 17 missiyasından sonra ilk dəfə Yer orbitindən kənara çıxması deməkdir.

Qeyd olunur ki, ekipaj ABŞ astronavtları Rid Vaysman, Viktor Qlover və Kristina Kox, həmçinin kanadalı astronavt Ceremi Hansendən ibarətdir.

Bildirilir ki, Orion Ayın arxa tərəfini keçərək təxminən 4000 mil daha uzağa hərəkət edəcək və daha sonra Yerə qayıdacaq. Missiya çərçivəsində astronavtların 250 min mildən artıq məsafəyə çataraq rekord qırması gözlənilir .

Mütəxəssislərin fikrincə, bu missiya gələcəkdə Ayda daimi baza yaradılması və daha dərin kosmik tədqiqatlar üçün mühüm addım hesab olunur.

Həmçinin NASA Yerin "Orion" gəmisindən çəkilmiş ilk şəkillərini yayımlayıb.

Seçilən
73
teleqraf.com

1Mənbələr