AZ

Entso Fernandes “Çelsi” tərəfindən cəzalandırıldı – ARENA.AZ

“Çelsi”nin argentinalı yarımmüdafiəçi Entso Fernandes intizam qaydalarını pozduğuna görə əsas komandadan kənarlaşdırılıb.

Arena.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Liam Rosenyor açıqlama verib.

O, Fernandesin intizam qaydalarını pozduğuna görə növbəti iki oyun üçün heyətdə yer almayacağını bəyan edib. Buna futbolçunun İspaniyanın “Real” komandasına mümkün keçidi ilə bağlı verdiyi açıqlamalar səbəb olub.

Baş məşqçi 25 yaşlı futbolçunun klubun qərarına əsasən, sabah İngiltərə Kubokunun 1/4 finalında “Port Veyl”lə, aprelin 12-də isə Premyer Liqada “Mançester Siti”yə qarşı keçiriləcək oyunları buraxacağını bildirib. O, həmçinin Fernandesin klub mədəniyyətini və formalaşdırmaq istədikləri sistemi müəyyən edən sərhədi keçdiyini söyləyib.

Xatırladaq ki, Entso Fernandes “River Pleyt”in yetirməsidir. Bir müddət “Defensa”da icarə keçmiş Fernandesi “River Pleyt” “Benfika”ya satıb. 2023-cü ilin yanvarın 31-də isə “Çelsi” Fernandesi 121 milyon avro məbləğ müqabilində “Benfika”dan öz düşərgəsinə qatıb. Argentinalı futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “zadəganlar”ın heyətində 46 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Fernandesin “Çelsi” karyerası ümumilikdə 161 oyun, 28 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

Entso Fernandes 2022-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətində 40 oyuna 6 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. Yarımmüdafiəçi Argentina yığması ilə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2024-cü ildə Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı argentinalı yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
68
50
arena.az

10Mənbələr