BAKI, 4 aprel. TELEQRAF
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”la matçda Elvin Cəfərquliyev və Akim Zedadka arasında yaranan qalmaqala münasibət bildirib.
Teleqraf xəbər verir ki, görüşün 84-cü dəqiqəsində oyunçular arasında mübahisə baş verdikdən sonra onları yanına çağıraraq barışdırıb.
Qurbanov həmin epizodu bu cür şərh edib:
“Hər ikisini barışdıran kimi etdim, amma bilmədim, barışdılar, yoxsa yox (gülür-red.) Amma hər ikisi bunu normal qəbul etdi. Düzü, epizodu dəqiq görmədim. Bir epizoddan sonra, deyəsən, qarşı-qarşıya gəldilər. Bu, sırf futbolçu aqressiyasıdır. Belə mübahisələr futbolu bəzəyir, normal haldır. Futbol xarakter oyunudur. Bəzi azarkeşlər bundan da zövq alırlar. Düzdür, Zedadka bir az hirsləndi, bu da normaldır”.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.