AZ

Memar: Nizami Kino Mərkəzi kimi memarlıq nümunələrinə hörmətlə yanaşmaq vacibdir

Bakı, 3 aprel, AZƏRTAC

Qrafiti üçün xüsusi məkanların ayrılması məqsədəuyğun hesab olunur və həmin məkanlarda seçilən işlərin sərgilənməsi də mümkün ola bilər. Lakin nəzərdə tutulmamış yerlərdə bu cür müdaxilələrin qanunvericilik baxımından məsuliyyət yaratdığı danılmazdır. Tarixi əhəmiyyətli binaların qorunması və saxlanılması hər birimizin vətəndaşlıq borcudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin ictimai işlər üzrə dekan müavini, Azərbaycan Memarlar İttifaqının Gənclərlə iş üzrə komissiyasının sədri, memar Səttar Kərimli bildirib.

Onun sözlərinə görə, bir çox hallarda yaşayış binalarının girişlərində, həyətlərin divarlarında və digər ictimai məkanlarda müxtəlif yazı və təsvirlərlə rastlaşmaq mümkündür. Bu isə həmin mühitin estetik görünüşünə mənfi təsir göstərir və ərazilərin təmiz saxlanılması zərurətini daha da aktuallaşdırır.

“Gənclərin maarifləndirilməsi vacibdir və bu proses ilk növbədə ailədən və cəmiyyətdən başlamalıdır. Onlara izah edilməlidir ki, qarşılarında gördükləri sadəcə bir divar deyil”, – deyə o qeyd edib.

S.Kərimli vurğulayıb ki, bu cür obyektlər ümumi memarlıq irsinin bir hissəsi olmaqla yanaşı, tariximizin də ayrılmaz parçasıdır. Bununla belə, paytaxtda düzgün və icazə əsasında həyata keçirilmiş qrafiti nümunələrinə də rast gəlinir. Belə ki, Yasamal rayonunda yerləşən bəzi çoxmərtəbəli binaların fasadlarında qrafiti üslubunda işlənmiş sənət nümunələri, həmçinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda müəyyən fasadlarda rəssamların əsərləri bu sahədə uğurlu yanaşmaya nümunədir.

Memar qeyd edib ki, Nizami Kino Mərkəzi kimi memarlıq nümunələrinin layihələndirilməsində iştirak edən memar və mühəndislərin əməyinə, eləcə də bu gün onların qorunub saxlanılması istiqamətində çalışan şəxslərin zəhmətinə hörmətlə yanaşmaq vacibdir.

Müxbir - Günel Alıyeva

Seçilən
28
azertag.az

1Mənbələr