AZ

Şou biznesin hesabsız qonaqları: Dostluq, yoxsa istismar?

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Babək Quluzadənin restoran biznesindən geri çəkilməsi və bunun səbəbini həmkarlarının "yeyib-içib pul ödəməməsi" ilə əsaslandırması sosial şəbəkələrdə geniş müzakirə mövzusu yaratdı. Bu açıqlama sadə bir biznes uğursuzluğu deyil, bir sahənin etik aşınmasının etirafıdır.

Azərbaycanda tanınmış simaların ən böyük problemi "şöhrət" ilə "real həyat" arasındakı balansı qoruya bilməməkdir. Babək Quluzadənin qeyd etdiyi kimi, bir çox tanınmış şəxs elə düşünür ki, əgər o, bir məkana ayaq basırsa, bu, artıq həmin məkan üçün böyük bir lütfdür. Onların anlayışında "reklam xatirinə pulsuz yemək" qeyri-rəsmi bir qanundur. Lakin unudurlar ki, restoranın işığı, qazı və ofisiantın maaşı "reklamla" deyil, nağd pulla ödənilir.

Babəkin ən ağrılı nöqtəsi həmkarlarının gəlməzdən əvvəl onun və ya anası aşıq Zülfiyyənin orada olub-olmamasını soruşmalarıdır. Bu, əslində gizli bir psixoloji manevrdir. "Əgər sənətkar ordadırsa, mən onun yanına gəlmişəm, qonaqdan isə pul almazlar" məntiqi. Bu, nəzakətdən çox, qarşı tərəfin qonaqpərvərliyini sui-istifadə etməkdir. Sənətçi dostunun obyektinə dəstək üçün gedilər, onu zərərə uğratmaq üçün yox.

Restoranın icarəyə verilməsi əslində bir xilas yoludur. Babək bəy tanınmış həmkarına "hesabı ödə" desəydi, qalmaqal yaranacaqdı. Deməyəndə isə biznes çökürdü. İcarədar isə heç kimi tanımır. Onun üçün masada oturan "ulduz" deyil, sadəcə bir müştəridir.

Bu hadisə göstərir ki, bizim şou-biznes hələ də peşəkar münasibətlər sisteminə keçid edə bilməyib. Dünyanın hər yerində ulduzlar getdikləri məkanda bəxşiş (çaypulu) verməklə öz nüfuzlarını göstərirlər. Bizdə isə, təəssüf ki, "hesabı kiməsə yükləmək" hələ də bir üstünlük əlaməti kimi qəbul edilir.

Babək Quluzadənin səmimiyyəti isə təqdirəlayiqdir. O, illərdir pərdəarxasında danışılan "bezdik bu pulsuz yeyənlərdən" söhbətini rəsmiləşdirdi. Bəlkə bu etirafdan sonra kimlərsə dostunun obyektinə gedəndə əlini cibinə atmağı xatırlayar.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
bizimyol.info

1Mənbələr