Bizimyol saytına istinadən ain.az xəbər verir.
Son günlər yayılan bir fikir diqqət çəkir. Deyilir ki, iş yoldaşınız sizə xəstəlik yoluxdursa, onu məhkəməyə verə bilərsiniz. İlk baxışda bu, məntiqli görünür. Axı kiminsə ehtiyatsız davranışı sizin sağlamlığınıza və cibinizə zərər vurursa, bunun hüquqi nəticəsi olmalıdır.
Amma məsələ göründüyü qədər sadə deyil.
Reallıq ondan ibarətdir ki, biz artıq “tam sağlam” insanların azlıq təşkil etdiyi bir cəmiyyətdə yaşayırıq. Mövsümi viruslar, zəif immunitet, stress və iş yükü bütün bunlar insanların demək olar ki, daimi şəkildə ya xəstə, ya da xəstələnmək üzrə olmasına səbəb olur. Belə olan halda sual yaranır ki, kim kimi məhkəməyə verəcək?
Bu yanaşmanın ən problemli tərəfi sosial reallığı nəzərə almamasıdır. Çünki hər kəsin “xəstə olanda işə getməmək” kimi lüksü yoxdur. Bir çox insan üçün bu, seçim deyil məcburiyyətdir. İcazə ala bilməyənlər, maaşdan kəsinti qorxusu yaşayanlar, işini itirmək riski ilə üz-üzə qalanlar üçün xəstə halda işə getmək bəzən yeganə çıxış yolu olur.
Belə vəziyyətdə məsuliyyəti yalnız fərdin üzərinə qoymaq nə dərəcədə ədalətlidir?
Əslində problem daha dərindir və sistem xarakteri daşıyır. Əgər iş yerlərində xəstəlik məzuniyyəti real və əlçatan deyilsə, əgər işçilər xəstə olduqları halda belə işləməyə məcbur edilirsə, burada günahkar təkcə öskürən işçi deyil. Bu, həm də iş mühitinin, əmək münasibətlərinin və sosial təminat sisteminin problemidir.
Digər tərəfdən, hüquqi baxımdan belə iddiaların sübut olunması da çətindir. Hansısa virusun konkret olaraq hansı şəxsdən yoluxduğunu dəqiq müəyyən etmək çox vaxt mümkün olmur. Bu isə məsələni praktik olaraq daha mürəkkəb edir.
Bütün bunlara baxmayaraq, bu mövzunun müzakirəyə çıxması təsadüfi deyil. Bu, cəmiyyətin sağlamlıq məsələlərinə daha həssas yanaşmağa başladığını göstərir. Bəlkə də əsas məqsəd məhkəmə iddiaları deyil, insanların daha məsuliyyətli davranmağa təşviq edilməsidir.
Çıxış yolu nədir?
İlk növbədə, iş yerlərində sağlamlıq mədəniyyəti formalaşdırılmalıdır. Xəstə işçinin işə gəlməsi “fədakarlıq” kimi yox, risk kimi qiymətləndirilməlidir. İşəgötürənlər isə işçilərə real xəstəlik məzuniyyəti imkanı yaratmalıdır. Çünki sağlamlıq fərdi məsələ olmaqdan çox, kollektiv məsuliyyətdir. Əks halda, biz elə bir vəziyyətə gəlib çıxarıq ki, hamı bir-birini ittiham edir, amma heç kim problemi həll etmir.
Leyla Mirzə, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.