Hər iki komanda möhtəşəm oyun nümayiş etdirdi. Azarkeşlər əla matç izlədilər.
Fanat.Az xəbər verir, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, iki həftəlik fəsilədən sonra oynamağın çətin olduğunu bildirib: "Oyuna istədiyimiz kimi başlaya bilmədik. Ötürmələrdə səhvlər edirdik. Lakin biz qol buraxdıqdan sonra ruhdan düşmədik. İkinci hissədə yaxşı mübarizə apardıq. Görüş heç-heçə başa çatdığı üçün hər şey bizim meydanda həll olunacaq. Mərhələni keçməyi çox istəyirik".
Baş məşqçi Rəhman Daşdəmirovun yaxşı performans göstərdiyini söyləyib: "Onu iki zonada oynadırıq. Həqiqətən də zəhmətkeş futbolçudur. Bütün oyunçularımdan razıyam. Mən hazırda turnir cədvəlinə baxmıram. Yalnız növbəti oyunu düşünürəm".