AZ

Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru

İsveçrənin hava keyfiyyətini izləyən məşhur “İQAir” agentliyinin 2025-ci il üzrə qlobal hesabatı təqdim olunub.
Hesabata əsasən, Azərbaycanın paytaxtı Bakı regionun digər sənaye şəhərləri ilə müqayisədə orta sıralarda qərarlaşıb. 2025-ci ilin hesabatına əsasən, Bakı hava kirliliyinə görə dünya paytaxtları arasında 50-60-cı sıralar (orta kirlilik səviyyəsi) ətrafında dəyişir. Şəhərimizdəki PM2.5 (incə toz hissəcikləri) miqdarı ÜST-ün normativlərindən təxminən 3-4 dəfə yüksəkdir. Bu isə Bakının orta dərəcədə çirkli şəhərlər qrupuna daxil olduğunu göstərir. Ümumilikdə isə dünya üzrə yalnız 13 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsizlik limitlərinə cavab verə bilir. Sözügedən mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimliBUTA.TV-a açıqlamasında bildirib ki, Bakının kirli şəhər olmasının səbəblərindən biri də tikintilərin düzgün aparılmamasıdır: “Bakı şəhərinin ətrafında yerləşən daş mədənlərinin düzgün istismar olunmaması hava çirkliliyini artıran əsas amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə Badamdar və Qaradağ ərazilərindəki mədənlərdən qalxan toz küləyin təsiri ilə yayılaraq insanların tənəffüs yollarına mənfi təsir göstərir. Abşeron yarımadasında yarımsəhra iqlim şəraitinin mövcudluğu və yaşıllıq sahələrinin azlığı havanın təbii şəkildə təmizlənməsini çətinləşdirir. Şəhər daxilində parkların və yaşıllıqların kifayət qədər olmaması bu prosesi daha da gücləndirir. Bakı əsasən sənaye şəhəri sayılmasa da, havanın çirklənməsində əsas pay toz hissəciklərinin üzərinə düşür. Bununla yanaşı, sənaye fəaliyyəti və regionda baş verən proseslər – müharibə nəticəsində qonşu ərazilərdən daxil olan hava axınları da ümumi vəziyyətə təsir edir. Eyni zamanda, tikinti işlərinin normativ tələblərə uyğun aparılmaması və şəhərdə yaşıllıq sahələrinin azlığı hava çirkliliyinin davamlı xarakter almasına səbəb olur. Bu amillər insanların sağlamlığına, xüsusilə tənəffüs və sinir sisteminə mənfi təsir göstərən əsas risk faktorları hesab olunur”. Ekoloq Ənvər Əliyev isə Bakının çirklənməsinin texnogen çirklənmə olduğunu qeyd edir: “Ölkədə təxminən 1,8–2 milyon avtonəqliyyat vasitəsi mövcuddur və onların böyük hissəsi Bakı şəhərində cəmləşib. Nəqliyyat axınının yüksək olması nəticəsində daxili yanma mühərrikləri atmosferə böyük həcmdə zərərli maddələr buraxır. Bu tullantılar tərkibinə görə müxtəlifdir və əsasən karbonmonoksid (CO), karbon dioksid (CO₂), azot oksidləri (NOx), kükürd oksidləri (SOx), eləcə də uçucu üzvi birləşmələr və xırda hissəciklərdən (PM) ibarətdir. Ümumilikdə bu kimi çirkləndirici maddələrin sayı yüzlərlədir”. Onun sözlərinə görə, bu maddələr havanın keyfiyyətinə ciddi mənfi təsir göstərir və xüsusilə böyük şəhərlərdə ekoloji və sağlamlıq baxımından ciddi problemlər yaradır: “Daxili yanma mühərriklərindən çıxan tullantılar əsasən qazlar və xırda hissəciklərdən (toz, his) ibarətdir. Bu hissəciklərin bir qismi havada qalır, bir qismi isə zamanla yerə — yol örtüyünə, torpağa və bitkilərin üzərinə çökür. Küləyin və nəqliyyatın hərəkəti onların ətraf ərazilərə yayılmasına səbəb olur. Yağıntılar zamanı bu çirkləndiricilərin bir hissəsi yuyularaq torpağa keçir və müəyyən dərəcədə təbii dövriyyəyə daxil olur. Lakin bu proses “bioloji dövran” baxımından faydalı deyil, əksinə, torpaq və bitkilərin çirklənməsinə səbəb ola bilər”. Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.

Seçilən
40
1
buta.tv

2Mənbələr