AZ

Konstitusiyaya əsasən tarix və mədəniyyət abidələrinin qorunması vətəndaşın əsas vəzifələrindən biridir VİDEO

Bakı, 3 aprel, AZƏRTAC

Nizami Kino Mərkəzinin divarlarına çəkilən qrafiti açıq şəkildə vandalizm aktıdır. Bu, eyni zamanda şəhərimizin gözəlliyinə qarşı edilən təcavüz kimi qiymətləndirilməlidir. Bakı şəhəri gündən-günə inkişaf edir, gözəlləşir. Lakin unutmamalıyıq ki, şəhərin gözəlləşdirilməsi memarların, arxitektorların, tikinti şirkətlərinin və dizaynerlərin əməyidirsə, onu qoruyub saxlamaq isə birbaşa şəhər sakinlərinin məsuliyyətidir.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, belə hallara qətiyyən yol verilməməlidir. “Təəssüf ki, bəzən bu cür hadisələrin baş verməsi cəmiyyət olaraq laqeydliyimizdən qaynaqlanır. Hadisələr gözümüzün qarşısında baş verir, lakin biz buna reaksiya vermirik. Hər birimizdə ümumi məsuliyyət hissi formalaşmalıdır — həm bir-birimiz qarşısında, həm də yaşadığımız şəhər qarşısında.

Ə.Nuriyevin sözlərinə görə, hər kəs ilk növbədə öz tarixini və mədəniyyətini düzgün şəkildə təqdim etməli və təbliğ etməlidir. Bu proses ailədən başlamalı, uşaqlara verilən tərbiyədən qaynaqlanmalıdır. “Əgər biz övladlarımıza bu dəyərlərin əhəmiyyətini aşılaya bilsək, onlar da bu dəyərləri qorumağa daha həssas yanaşacaqlar. Bununla yanaşı, məktəblərdə də bu istiqamətdə maarifləndirmə və təşviqat işləri genişləndirilməlidir. Digər tərəfdən, vətəndaş cəmiyyəti də bu proseslərə daha fəal şəkildə qoşulmalıdır. Qeyri-hökumət təşkilatları tərəfindən artıq müxtəlif layihələr həyata keçirilir, lakin bu fəaliyyətlərin daha sistemli şəkildə qurulmasına ehtiyac var. Hər bir bölgəmizin, hər bir mədəniyyət nümunəmizin tanıdılması vacibdir.

Xüsusilə nəzərə almalıyıq ki, Azərbaycan beynəlxalq, qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməyə hazırlaşır. Bu, ölkəmizin və paytaxtımızın dünyaya təqdimatı baxımından mühüm fürsətdir. Yüz minlərlə insanın Bakıya səfəri gözlənilir və biz bu qonaqlara öz mədəniyyətimizi, tarixi irsimizi və estetik şəhər mühitimizi nümayiş etdirməliyik. Nizami Kino Mərkəzi də bu baxımdan xüsusi əhəmiyyətə malik memarlıq nümunələrindən biridir. Bu cür binalar şəhərimizin simasını formalaşdırır və insanlara estetik zövq bəxş edir. Ona görə də belə hallara yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Konstitusiyasına əsasən vətəndaşların əsas vəzifələrindən biri də tarix və mədəniyyət abidələrinin qorunmasıdır. Bu baxımdan, hər birimiz şəhərimizi və vətənimizi qorumağa borcluyuq”, - deyə Ə.Nuriyev qeyd edib.

Seçilən
33
2
azertag.az

3Mənbələr