XX əsrin ən böyük və ən nüfuzlu aktyorlarından biri hesab edilən, altmış illik karyerası ərzində 2 Oskar, 2 Qızıl Qlobus və digər çoxsaylı mükafatlar qazanmış Marlon Brando...
Elə soyadı kimi aktyorluq sənətinin “brend”i olmuş bu xarizmatik kişi ilk Oskarını "Arzu adlı tramvay" (1951) filmində canlandırdığı roluna görə alıb. Çoxsaylı rollarına baxmayaraq dünya tamaşaçısının yaddaşında 1972-ci ildə çəkilmiş "Xaç atası" filmindəki Vito Korleone rolu ilə qalıb. Bu parlaq obraz ona 2-ci Oskarını və Qızıl Qlobus mükafatını qazandırıb.
Bu obraz indi də kino tarixində ən cəlbedici hesab edilən personajlardan biri sayılır.
1950-ci, 60-cı illərin ortalarında “ən cazibəli kişi” sayılan Brandonun şəxsi həyatı da qarışıq və skandallı olub. Üç evliliyi, 11 uşağı olan Brando həm də biseksual olub. Hələ 1976-cı ildə dövrünə görə çox cəsarətli çıxış edərək etiraf edib ki, öz həmcinsləri ilə də yaxın əlaqələri olub.
Bu, həmin dövrdə çox böyük səs-küy yaratmış, hətta bundan sonra təxminən 10 il filmlərə dəvət almamışdı. Çünki hər kəsin gözündə, güclü, dəlisov, qadınların heyran olduğu bu kişini heç kim öz həmmcinsi ilə yaraşdırmamışdı.
Yeri gəlmişkən, onun kişi sevgililəri arasında Cek Nikolson kimi böyük aktyorun da adı hallanır.
Marlon Brando 2004-cü ildə, 80 yaşında vəfat edib. Vəsiyyətinə əsasən, aktyorun nəşi yandırılıb və külləri qismən Taitidə, qismən də Ölüm Vadisində (ABŞ-nin qərbində çöllük ərazi - Yer kürəsinin ən isti və ən quraq yeri kimi tanınır) səpələnib.
Şəfiqə Şəfa, Bizim.Media