AZ

Maaş və pensiyalar ARTA BİLƏR – MÜJDƏ!

Azərbaycanda dövlət büdcəsinə yenidən baxılması və sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib.

Ölkənin maliyyə təqvimində formalaşmış ənənəyə uyğun olaraq, mayın sonu və ya iyunun əvvəllərində parlamentə büdcəyə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin təqdim olunacağı gözlənilir. Bu gözləntilərin əsas iqtisadi dayağı isə dünya bazarında neftin qiymətinin proqnozlaşdırılan həddən xeyli yüksək olmasıdır. Belə ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar götürülsə də, hazırda “Azeri Light” markalı neftin 100 dollardan baha satılması büdcədə əlavə vəsaitlərin yaranmasına səbəb olub ki, bu da sosial islahatlar üçün geniş manevr imkanı yaradır.

Akif Nəsirli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli qeyd edib ki, hazırkı iqtisadi göstəricilər sosial paketlərin genişləndirilməsini zəruri edir:

“Büdcə daxilolmalarının proqnozlaşdırılandan artıq olması hökumətə minimum əməkhaqqı və pensiyaların artırılması üçün real maliyyə bazası verir. Xüsusilə nəzərə alsaq ki, bu il hələlik minimum əməkhaqqı artımı baş verməyib, may-iyun aylarında büdcəyə ediləcək düzəlişlər zamanı bu məsələnin prioriteti yüksəkdir. Minimum əməkhaqqının artması birbaşa olaraq vahid tarif cədvəli ilə çalışan minlərlə insanın, o cümlədən müəllimlərin və tibb işçilərinin də gəlirlərinə müsbət təsir göstərəcək”.

Onun sözlərinə görə, gözlənilən 10-15 faizlik artım inflyasiya təzyiqləri qarşısında əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır:

“Neft gəlirlərinin yüksək olması dövlət büdcəsinin profilini dəyişir. Əgər neft 100 dollardan yuxarı ticarət olunursa, bu, büdcəyə milyardlarla manat əlavə vəsaitin daxil olması deməkdir. Bu vəsaitlərin bir hissəsinin sosial xərclərə, xüsusilə də aşağı gəlirli təbəqənin rifahının yüksəldilməsinə yönəldilməsi iqtisadi cəhətdən tam əsaslandırılmış addımdır. Biz minimum pensiya və təqaüdlərdə də bənzər artım dinamikasını görməyi gözləyirik ki, bu da istehlak bazarında alıcılıq qabiliyyətini qorumağa kömək edəcək”.

Ekspert bildirib ki, büdcəyə düzəlişlər zamanı təkcə maaş artımı deyil, həm də investisiya layihələrinin sürətləndirilməsi nəzərdə tutula bilər:

“Sosial xərclərin artırılması ilə yanaşı, neftdən gələn əlavə dividendlər işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərinə və infrastruktur layihələrinə də əlavə təkan verə bilər. Lakin əhali üçün ən həssas məqam məhz maaş və pensiya artımıdır. Parlamentə təqdim olunacaq qanun layihəsində bu artımların ən azı inflyasiya dərəcəsini kompensasiya edəcək həddə olması hədəflənir. Görünən odur ki, iyun ayına qədər biz sosial sahədə ciddi yeniliklərin şahidi olacağıq”.

Tunar

NOCOMMENT.az 

Seçilən
50
nocomment.az

1Mənbələr