AZ

Deputat: Tarixi binaya qrafiti çəkilməsi gənclərlə daha sıx iş aparmalı olduğumuzu göstərdi

BAKI, 3 aprel. TELEQRAF

"Nizami Kino Mərkəzinin divarına qrafiti çəkilməsi kimin tərəfindən törədilməsindən asılı olmayaraq çox yanlış bir addımdır".

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, baş verən hadisə çox üzücüdür: "Təəssüf ki, gənclərimizin bir qismi yanlış yoldadır. Onlar özləri də dərk etmədən belə bir tarixi abidəyə ziyan vurublar. Bu, qəbuledilməzdir. Tarixi binaları qorumaq hər birimizin üzərinə düşən vəzifədir".

Gənclərlə daha sıx iş aparmalıyıq

Deputat deyib ki, bu məsələdə ən narahatedici tərəflərdən biri bunu edənlərin gənclərin olmasıdır: "Bu, bir daha göstərir ki, biz gənclərlə daha sıx iş aparmalıyıq. Həm ailələr övladlarının tərbiyəsinə xüsusi önəm verməlidirlər, həm də məktəblərdə təlim-tərbiyə işlərinə daha çox diqqət ayrılmalıdır . Gənclər arasında davamlı təbliğat işi aparılmalıdır. Təəssüf ki, bu gün sosial media, qloballaşma, gəncliyin müxtəlif təsirlərə məruz qalması bəzi gənclərimizin milli-mənəvi dəyərlərimizdən uzaqlaşmasına aparıb çıxarır. Gənclərdə bir sıra yanlış fikirlərin formalaşdığının şahidi oluruq".

Gənclərdən gözləntilərimiz çoxdur

Ceyhun Məmmədov deyib ki, gənclər dövlətimizin, milli-mənəvi dəyərlərimizin ən ciddi keşikçiləri olmalıdır: "Gənclər belə etməməlidirlər. Onlar bu məsələdə həssas olmalıdırlar. Onlar bir dövləti, milləti güclü edənin onun dəyərlərinin, tarixi abidələrinin olduğunu bilməlidirlər. Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə malikdir. Xalqımız mütləq öz dəyərlərinə sıx sarılmalı, onu göz bəbəyi kimi qorumalıdır. Bunun önündə də gənclər getməlidir. Çünki gənclər bizim gələcəyimizdir, gələcəyin idarəçiləridir. Onlardan gözləntilərimiz çoxdur".

Seçilən
36
teleqraf.com

1Mənbələr