AZ

Milli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhlükəsi ilə bağlı Bəyanat yayıb

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Milli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhülkəsizliyi ilə bağlı birgə Bəyanat qəbul edib.

AZƏRTAC xəbər verir ki, bəyanatın mətnini Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev QHT-lərin mina təhlükəsi mövzusunda keçirdiyi ictimai dinləmdə səsləndirib.

Bəyanatda deyilir: “Biz - Azərbaycan Milli QHT Forumunun, ANAMA yanında İctimai Şuranın üzvləri 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edirik.

Mina təhdidi beynəlxalq humanitar gündəliyin ən ciddi problemlərindən biri olaraq qalır. Bu gün dünyada 60-dan çox ölkədə 10 milyonlarla mina basdırılıb. Təəssüf ki, bu rəqəm davam edən müharibələr və silahlı münaqişələr fonunda daha da artır və mina təhlükəsinin coğrafiyası genişlənir.

Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir və minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. İşğaldan azad olunmuş ərazilərdə mina və partlamamış sursat qalıqları ilə çirklənmiş sahə təxminən 12 min kvadrat kilometrə yaxındır. Bu ərazilərdə təxminən 1 milyondan çox mina və partlayıcı sursat qalıqları var. 1991-ci ildən ötən dövr ərzində Ermənistanın basdırdığı minalardan zərərçəkənlərin ümumi sayı 3400 nəfərə yaxınlaşır.

Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə intensiv şəkildə minatəmizləmə işləri aparılır. Minatəmizləyənlərin fədakar əməyi sayəsində 248 min hektardan çox ərazi təmizlənib. Minalarla çirklənmənin yüksək səviyyədə olması ilə yanaşı, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin yararsız olmasını da xüsusi qeyd etməliyik.

2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra qeydə alınan mina partlayışları nəticəsində 421 Azərbaycan vətəndaşı zərər çəkib. Onlardan 72-si həlak olub, 349-u isə ağır yaralanıb. Bu fakt mina probleminin postmünaqişə dövründə də insan həyatı üçün real və çox ciddi təhlükə olaraq qaldığını bir daha diqqətə çatdırır. Mina ilə çirklənmiş ərazilər kənd təsərrüfatının inkişafına mane olur, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını ləngidir və insanların gündəlik həyatını təhlükə altında saxlayır.

Minatəmizləmə həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas şərtlərdən biridir. Azərbaycan özü də minatəmizləməni milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərindən biri elan edib. Azərbaycan həmçinin mina və partlamamış hərbi sursatlara qarşı mübarizədə beynəlxalq tərəfdaşlığın qurulması, resursların mobilizasiyası, minadan zərərçəkən ölkələrə xüsusi diqqətin ayrılması üçün humanitar minatəmizləməni 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təklif edib.

Mina təhlükəsinin beynəlxalq gündəliyin əsas məsələrindən biri kimi diqqətdə saxlanılmasına böyük ehtiyac var.

Biz beynəlxalq ictimaiyyəti mina təhlükəsinə münasibətdə daha ardıcıl və prinsipial mövqe tutmağa çağırırıq. Azərbaycanın bu sahədə irəli sürdüyü təşəbbüslərə dəstək verməyə, mina problemi ilə üzləşən ölkələrə texniki və maliyyə yardımının həcmini artırmağa səsləyirik. Mina qurbanlarının reabilitasiyası, yarımçıq qalmış həyatların yenidən bərpası və gələcək nəsillərin qorunması hamımızın ortaq mənəvi borcudur”.

Seçilən
38
17
azertag.az

10Mənbələr