AZ

Böyük Britaniyada pərakəndə satış sektorunda cinayət halları artır

London, 3 aprel, AZƏRTAC

Böyük Britaniyada pərakəndə satış sektorunda cinayət halları daha cəsarətli, təşkilatlanmış və aqressiv xarakter alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Marks& Spencer” şirkətinin direktoru Thinüs Kiv şirkətin rəsmi saytında yayımlanan açıqlamasında bildirib.

Onun sözlərinə görə, mağaza əməkdaşları demək olar ki, hər gün təhqir və zorakılıq halları ilə üzləşirlər. Direktor qeyd edib ki, sosial şəbəkələrin təsiri ilə təşviq olunan yeniyetmələrdən ibarət böyük qruplar alış-veriş məkanlarına axışaraq ictimai asayişi pozurlar.

Thinüs Kiv hökuməti və London şəhər rəhbərliyini antisosial davranışlara qarşı daha sərt tədbirlər görməyə çağırıb. O bildirib ki, hökumət cinayətkarlığa qarşı ciddi mübarizə aparmasa və şəhər meri effektiv polis fəaliyyətini prioritet etməsə, vəziyyətə nəzarət etmək çətin olacaq.

Qeyd edək ki, bu həftə Londonun Klapham ərazisində yeniyetmələr “link-up” adlandırılan görüşlər təşkil edərək “TikTok” və “Snapchat” kimi platformalar vasitəsilə toplaşıb, daha sonra isə mağazalara axışıblar.

Polisin məlumatına görə, aprelin 1-də baş verən antisosial davranış hallarının qarşısının alınmasına 100 polis cəlb olunub. Hadisə zamanı 5 nəfər xəsarət alıb, onlardan 4-ü polis olub.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
34
1
azertag.az

2Mənbələr