AZ

Hörmüz Paktı yaradılır? – Boğazdan YAN keçən marşrut AXTARIŞI

İran Hörmüz boğazına nəzarət barədə dəhlizdən istifadə edən ölkələrlə müqavilə bağlamağı nəzərdən keçirir. Bu barədə İran hökumətinin informasiya şurasının rəhbəri Elias Həzrəti bildirib. Məlumatı ANA xəbər agentliyi yayıb. “Financial Times” nəşri isə öz mənbələrinə istinadla məlumat yayıb ki, Körfəz ölkələri neft ixracını Hörmüz boğazından yan keçməklə həyata keçirməyə imkan verəcək yeni boru kəmərlərinin tikintisini nəzərdən keçirir. Məlumata görə, yeni kəmərlər regionun boğazdakı vəziyyətdən asılılığını azaltmaq üçün demək olar, yeganə alternativ hesab olunur.

Məqalədə həmçinin, qeyd olunur ki, Yaxın Şərqdə davam edən gərginlik 1980-ci illərdə İran-İraq müharibəsi zamanı boğazın bağlanması ehtimallarından sonra tikilmiş Səudiyyə Ərəbistanının “Şərq–Qərb” neft kəmərinin strateji əhəmiyyətini bir daha ön plana çıxarıb. 1200 km uzunluğunda olan bu kəmər hazırda gündəlik təxminən 7 milyon barel nefti Qırmızı dənizdə yerləşən Yanbu limanına çatdırır və tamamilə Hörmüz boğazından yan keçir. Bildirilir ki, hazırda Səudiyyə Ərəbistanı rəhbərliyi ixracın boru kəmərləri vasitəsilə artırılması imkanlarını da nəzərdən keçirir. Bu, mövcud infrastrukturun genişləndirilməsi və ya yeni marşrutların tikintisini əhatə edə bilər.

Boğazdan yan keçən yeni marşrut nə qədər vaxt və vəsait ala bilər? Hörmüz Paktı necə, mümkünmü və bu, İrana nə verəcək? Dəhlizdən istifadə edən ölkələr, o cümlədən Türkiyə buna gedərmi? Vəziyyət hansı varianta doğru inkişaf edir?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Musavat.com-a bildirib ki, ABŞ-İsrail cütlüyünün İrana hücumları ilə bağlanan Hörmüz boğazı dünya iqtisadiyyatını ciddi problemlərlə üz-üzə qoyub:

“Son onilliklər ərzində qlobal iqtisadiyyatın bu qədər çətin bir duruma düşdüyünü xatırlamıram. Hətta dünyada 2007-2008-ci illərdən etibarən başlanmış maliyyə böhranı və bunun ardınca iqtisadi böhran, 2019-cu ildən isə ortaya atılmış pandemiya belə, beynəlxalq iqtisadiyyatı bu qədər ciddi təhdid etməyib”.

Fikrət

F.Yusifov deyib ki, əgər ABŞ Hörmüz boğazına nəzarəti ələ almadan müharibə meydanını tərk edərsə, bu onun strateji məğlubiyyəti hesab olunacaq:

“O səbəbdən, Birləşmiş Ştatların belə bir addım atacağı inandırıcı görünmür. İranla müharibəyə digər ölkələri qoşmaq istəyən prezident Trampın çağırışları isə hələ ki bir nəticə vermir. Bu, Trampı qıcıqlandırır və o, cavab olaraq İranla müharibədə qalib gəldiyini elan edib, hərb meydanını tərk edəcəyinin anonsunu verir. Bununla da koalisiyaya qoşulmaq istəməyən ölkələri təhdid edir. Gerçəkdən, əgər ABŞ belə bir addım atarsa, o halda İran Fars körfəzi və Hörmüz boğazında bütün istəklərini asanlıqla reallaşdıra bilər. Yəni bu baş verərsə, İran boğaz vasitəsilə daşınan bütün yüklərə görə rüsumlar toplamağa başlaya bilər. Hazırda İran bu istiqamətdə ciddi addımlar atmaqdadır. Söhbət bir il ərzində İranın dövlət büdcəsinin həcminə bərabər bir səviyyədə, yəni hardasa 50 milyard ABŞ dolları həcmində rüsumların toplamasından gedir. Əgər bu ssenari baş tutarsa, onda yalnız region ölkələri deyil, digər dövlətlər də İranla hesablaşmaq məcburiyyətində qalacaqlar. Bu halda İran nəinki raket sənayesini inkişaf etdirəcək, hətta qısa zaman kəsiyində nüvə dövlətinə çevriləcək”.

Ekspertin fikrincə, Tramp “müharibə meydanını tərk edə bilərik” deməklə müharibəyə cəlb etmək istədiyi ölkələri təhdid edir, onlara anlatmaq istəyir ki, Hörmüz boğazı sizə lazımdır, ABŞ okeanın digər tərəfindədir və onun bu regionun neft-qazına ehtiyacı yoxdur:

“Tramp bu manevrlərlə koalisiyaya qoşulmaq istəməyən ölkələri qorxudur. Gerçək olan budur ki, o, müharibəni bitirməyə tələsmir. Müharibə uzandıqca bu gün ABŞ-İsrail cütlüyünün yaratdığı koalisiyaya qoşulmaq istəməyən həm neft satan və həm də neft alan ölkələrin iqtisadi durumu ağırlaşır. Ağ Ev rəhbəri də bunu istəyir. Çünki çox yaxşı bilir ki, bu gün onun çağırışlarını eşitmək istəməyənlər sabah mütləq onun dediklərinə əməl etməli olacaqlar”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr