Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin ən böyük hissəsi Rusiya (23,2%), Türkiyə (21,1%) və İrandandır (9%).
Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 26,4%, MDB ölkələrindən 3,4% artıb, körfəz ölkələrindən isə 10,9% azalıb.
Turizm eksperti Ceyhun Aşurov AZXEBER.COM-a açıqlamasında bildirib ki, İran-İsrail-ABŞ münaqişəsi Körfəz ölkələrindən turistlərin Azərbaycana gəlməsini əlverişsiz edir:
"Ramazan ayının girməsi ilə əlaqədar fevral ayında Körfəz ölkələrindən ölkəmizə səyahət edənlərin sayı az olur. Nəticə etibarilə mart ayını da buna əlavə edə bilərik. Ramazan və Novruz bayramından sonra daha çox turistin Azərbaycana gəlməsi gözlənilirdi. Amma yaxın regiondakı gərginlik və müharibə şəraiti ilə əlaqədar vəziyyət fərqli istiqamət aldı. Hətta mart ayının statistikasına görə otellərin doluluğunun 80 faizə yaxın aşağı düşdüyü müşahidə olunur. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı əvvəl də az idi. Amma oradan gələnlərin sayında artım daha qabarıq görünür. İran-İsrail-ABŞ münaqişəsi fonunda hava məkanlarının bağlı olması Körfəz ölkələrindən Azərbaycana gəlməni əlverişsiz edir. Azərbaycan bununla bağlı alternativ bazarlarda tanıtım işləri aparır. Birbaşa hava yollarının olması, uçuşların aparılması ilə bağlı müəyyən addımlar atılır”.
Turizm ekspert qeyd edib ki, turistlərin azalması xaricdən valyuta daxilolmalarına təsir göstərir:
"Turistlərin azalması xaricdən valyuta daxilolmalarına təsir göstərir. Baxmayaraq ki, neftin qiymətinin bahalaşmasına görə xaricdən valyuta daxilolmaları ölkəmizə gəlməkdədir, lakin turizm sektorunda durğunluğun olması iş mühitinə, iqtisadi canlanmaya mənfi təsir göstərir.
Yeni hədəf bazarlarında - Türkiyə, Orta Asiya, türk dövlətləri bazarlarında da fəaliyyətimizi genişləndirə bilərik. Eyni zamanda bizdə olan hava məkanlarından daha əlverişli uçuşların təşkil olunmasına çalışmaqla, türk dövlətlərindən Azərbaycana daha çox turistin gəliş-gedişini təmin etmək olar”.
Şahanə Ziyad
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.