AZ

Bağ davasında reyestrə “yox” deyənlərə “qırmızı işıq”

Ali Məhkəmə Abşeron rayonunun Novxanı kəndindəki bağ sahəsi üzərində hüquq davası ölkədə istifadə hüququ ilə bağlı qanunsuz praktikaları ifşa etdi.

Musavat.com xəbər verir ki, illərlə hüquqlarını müdafiə edən sakinlər qarşısında inzibati orqanlar sadəcə “qeyri-qanuni” arqumenti ilə dayanırdılar.

Lakin Ali Məhkəmə bir daha göstərdi: hüquq tanınacaq, haqq qorunacaq...

İddiaçılar bağ sahəsi üzərində yaşamaq və istifadə etmək hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdilər. Birinci instansiya məhkəməsi haqqı tanısa da, apellyasiya instansiyası onları məğlub etmək istədi. İddiaçılar “ailə münasibətləri” adı altında hüququndan məhrum edilirdi. Amma Ali Məhkəmə qətiyyətlə qərar verdi: mülkiyyət hüququ mütləq deyil, amma istifadə hüququ – şəxsi servitut – hər bir insanın yaşamaq və yaşadığı ərazidən istifadə etmək hüququdur. Bu hüquq özgəninkiləşdirilə bilməz, vərəsəliklə keçmir və pozulduqda müdafiə tələb etməyə imkan verir.

Qərarda vurğulanır ki, belə hüquqların dövlət reyestrinə qeydiyyatı hüquq sahiblərinin qorunması üçün həyati əhəmiyyət daşıyır, üçüncü şəxsləri məlumatlandırır və əmlak dövriyyəsində hüquqi müəyyənliyi təmin edir. İnzibati orqanın qeydiyyatdan imtina etməsi isə qanunsuz və  Konstitusiya Məhkəməsinin mövqeyinə zidd idi. Nəticədə Ali Məhkəmə apelyasiya instansiyasının qərarını ləğv etdi və inzibati orqana öhdəlik qoydu: Novxanı sakinlərinin bağ sahəsi üzərində istifadə hüququ dərhal dövlət reyestrinə daxil edilməlidir. Bu qərar təkcə bir bağ sahəsinin taleyini həll etmədi – o, eyni zamanda hüquq sistemində ədalətin bərpasına, inzibati zorakılığa son qoyulmasına xidmət edən ciddi presedent oldu. İndi hər bir hüquq sahibi bilir: dövlət reyestrində hüququ tanınmayan istifadə hüququ da qorunacaq və hüquqi boşluqlardan sui-istifadə mümkün olmayacaq.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr