AZ

Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi: “AGF Trophy” qarşıdakı turnirlər öncəsi vacib sınaqdır

Bakı, 3 aprel, AZƏRTAC

Aprel ayı ölkəmizdə bədii gimnastikaya həsr olunub. Bu, bədii gimnastika üzrə ilin ilk beynəlxalq turniridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Sara Şükürova bu gün Bakıda start götürən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri barədə danışarkən deyib.

Azərbaycanın turnirdə 7 idmançı ilə təmsil olunduğunu söyləyən AGF rəsmisi onların yarışa yaxşı hazırlaşdıqlarını bildirib: “Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli burada bacarıqlarını nümayiş etdirirlər. Uzun müddətdir bu yarışa hazırlaşırdılar. Daha əvvəl də ölkə xaricində keçirilən turnirlərdə mübarizə aparıblar. İntensiv məşq prosesi gedib. Gimnastlarımızın bəziləri yeni kompozisiyalar və yeni musiqi seçimləri ilə çıxış edirlər. Ümid edirik ki, onlar bizi sevindirəcək nəticələr göstərəcəklər”.

Onun sözlərinə görə, yığma üzvləri “AGF Trophy” ilə yanaşı, ölkəmizdə bu ay keçiriləcək digər nüfuzlu turnirlərdə də güclərini yoxlayacaqlar: “Bakıda aprelin 17-19-da Dünya Kuboku, aprelin 30-dan mayın 3-dək isə Avropa Kuboku təşkil olunacaq. Bu baxımdan ciddi hazırlıq gedir. “AGF Trophy” həmin turnirlər öncəsi vacib sınaqdır”.

Qeyd edək ki, 15 ölkədən gimnastların mübarizə apardığı turnirə aprelin 5-də yekun vurulacaq.

Fotoqraf - İlqar Cəfərov
Operator - Şövqi Əzizov

 

Seçilən
59
11
azertag.az

10Mənbələr