Əməkdar artist Elnarə Abdullayevanın efirdə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. O, qadınların sosial şəbəkələrin hekayə bölümündə öz fotolarını paylaşmasının doğru olmadığını deyib.
Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və E.Abdullayeva həm tənqid, həm də təhqir obyektinə çevrilib.
News24.az xəbər verir ki, Elnarə Abdullayeva hazırda onun barəsində xoşagəlməz sözlər yazan qadınla bağlı 29-cu polis bölməsinə şikayət ərizəsi yazdığını bildirib:
“Orada deməmişəm ki, konkret heç kim şəkil paylaşmasın. Vasif Məhərrəmli ilə söhbət etmişik ki, indiki cavanlar tez ayrılır, mən də demişəm ki, ayrılma səbəbi daha çox sosial şəbəkələrdir. Çünki biri şəkil paylaşır, digəri isə bundan narazı olur. Söhbət ümumi tendensiyalardan gedir, konkret şəxsdən yox.
“Başqasının həyat yoldaşı sənin şəklini niyə görməlidir?” məsələsi isə tamamilə fərdi və ev içi mövzudur, heç kimə aidiyyəti yoxdur”.
E.Abdullayeva əlavə edib ki, onu təhqir edən şəxslə bağlı tədbir görüləcək:
“Dövlətimiz və qanunlarımız var! Mənim fərdi ixtiyarım çatırmı ki, başqasının şəklini, videosunu paylaşım və təhqir edim? Əlbəttə ki, yox. Məni tənqid hədəfinə gətirən qadını tanımıram. Deyir ki, Elnarə əxlaq maskası altında gizlənir. Gəl görək mənim əxlaq maskamı cıranda altından nə çıxır? Şərəfimə və ləyaqətimə dil uzadanlar cavab verəcək. Mən heç kimi təhqir etməmişəm, əksinə, təhqir edilən mən olmuşam”. (globalinfo)