AZ

“Türk NATO-su”nda iqtisadi birlik güclənir-siyasi müstəqilliyin açarı Bakıdadır


Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarını qəbul edərkən söyləyib ki, quruma üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır.

"İqtisadi sahədə, - sizin də görüşünüzün əsas məzmunu bu olacaq, - işlər yaxşı gedir. Azərbaycana gəldikdə, bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır", - dövlət başçısı deyib.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirdi ki, diplomatiyada və beynəlxalq münasibətlər sistemində iqtisadi əlaqələr mühüm rol oynayır: “İqtisadi münasibətlərin inkişafı birbaşa olaraq siyasi əlaqələrin inkişafına, həmçinin beynəlxalq müstəvidə qarşılıqlı etimad mühitinin yaranmasında mühüm rol oynayır. TDT daxilində isə bu, xüsusilə, əhəmiyyətli məsələdir. Təşkilat daxilində iqtisadi əlaqələrin inkişafının əsas üstünlərindən biri də odur ki, üzv dövlətlərin kənar aktorlardan asılılığı minimum olur. Bu da siyasi müstəqilliyə şərait yaradır.

TDT bu gün beynəlxalq müstəvidə əsas təşkilatlardan biridir. Əlbəttə, bu, heç də bütün siyasi oyunçuların ürəyincə deyil. Bu baxımdan təşkilatı zəiflətmək istəyənlər də az deyil. Türk dövlətlərinin güclənməsini istəməyən bir çox aktorlar bu prosesin qarşısını almaq üçün bütün mümkün üsul və vastilərdən istifadə edirlər. Həmçinin üzv dövlətlər arasında nifaq toxumunun səpilməsi, daxili çaxnaşmanın yaradılması da bu qəbildəndir.

Aydındır ki, TDT-nin əsas aparıcı qüvvələri Azərbaycan və Türkiyədir. Bu iki dövlət təşkilatn ağırlığını çiyinlərində hiss etməklə onun inkişafına birbaşa xidmət edirlər. Hazırkı şəraitdə TDT-nin güclənməsini istəməyən və hətta parçalanmasını arzulayan müəyyən güclər bunun üçün xüsusilə üzv dövlətlərin xarici siyasət kursunda uyğunsuzluq, ziddiyyət yaratmağa çalışırlar. Məsələn, Yaxın Şərqdəki proseslər həm də bilavasitə buna xidmət edir.

Buna baxmayaraq, təşkilat daxilində həmrəylik pozulmur. Prezident İlham Əliyev də öz çıxışında məhz buna işarə vurub. Təbiidir ki, üzv dövlətlərin hər birinin özlərinin müstəqil xarici siyasətləri var. Bu baxımdan ümumi yanaşmada müəyyən fərqliliklərin olması mümkündür. Lakin bu, heç bir halda ziddiyyət kimi qəbul edilməməlidir. Əksinə, üzv dövlətlər ən prinsipial məsələlərdə ortaq mövqedən çıxış edirlər.

Üzv dövlətlərin liderlərinin səsləndirdiyi fikirlər, ortaya qoyduqları mövqe də göstərir ki, TDT gələcəkdə daha da inkişaf edəcək və genişlənəcək. Yaxın vaxtlarda Macarıstanın tamhüquqlu üzvə çevrilməsi və təşkilata yeni üzvlərin qəbul olunması da tamamilə realdır”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr