AZ

9-cuların imtahan qorxusu artır – DİM-dən MÜHÜM açıqlama


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi aprelin 5-də ölkənin bir sıra şəhər və rayonlarında 9-cu siniflər üzrə buraxılış imtahanları keçirəcək.

Musavat.com xəbər verir ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə digər buraxılış imtahanlarının 12 və 26 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, martın 9-da 11-ci sinif şagirdləri üçün ölkə üzrə keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə və təhsil ictimaiyyətində ciddi narazılıq yarandı. Bəzi şagirdlər və təhsil mütəxəssisləri imtahana salınan sualların ayrılan vaxtla tam mütənasib olmadığını, ötən illərlə müqayisədə daha çətin olduğunu iddia ediblər. Bu narazılıqlar fonunda valideynlər və şagirdlər arasında 9-cu sinif buraxılış imtahanları ilə bağlı da narahatlıq artıb.

Bəs qarşıdan gələn imtahanlarda şagirdləri eyni vəziyyət gözləyirmi? Sualların çətinlik səviyyəsi necə olacaq?

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Ümumiyyətlə, mart ayında keçirilən imtahanlarla bağlı kimsə iddia edə bilməz ki, imtahan ümumilikdə çətin olub. Siz də verilən keçiddə (9 mart və 15 mart) imtahan sualları və onların izahı ilə tanış ola bilərsiniz. Dövlət İmtahan Mərkəzi testləri açıq şəkildə ictimaiyyətə təqdim edib.
Hələ imtahan nəticələri də açıqlanmayıb. Ancaq ənənəvi təhlillərimiz göstərir ki, imtahandan dərhal sonra test tapşırıqlarının çətin olması ilə bağlı bəzi insanlar tərəfindən səsləndirilən mülahizələr doğru olmur. Statistika adətən bunun əksinə olur”.

Sektor müdiri 9-cuların buraxılış imtahanla bağlı narahatlığına da mövqe bildirib: “Aprel ayında təşkil olunacaq ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edəcək şagirdlər tam rahat ola bilərlər: “Dövlət İmtahan Mərkəzi imtahan proqramını dərs ili başlayanda, sentyabrda təqdim edib. Yəni iştirakçılar imtahan mövzuları ilə tanışdırlar. “Abituriyent” jurnalının xüsusi buraxılışında isə tapşırıq nümunələri və qiymətləndirmə meyarları dərc olunub. İştirakçılar artıq bilirlər ki, hansı növ tapşırıqlardan istifadə olunur. Ən əsası bütün tapşırıqlar proqrama və dərsliyə tam uyğundur.

İştirakçıları bir daha DİM-in təqdim etdiyi materiallarla “Abituriyent” jurnalı və rəsmi internet saytımız vasitəsilə tanış olmağı tövsiyə edirik. Unutmaq lazım deyil ki, çətin və asan nisbi anlayışlardır. Hər şey sizin məktəb dövründə dərslərinizə necə hazırlaşmağınızdan, tələb olunan bacarıqlara hansı səviyyədə yiyələnməyinizdən asılıdır. Normal bilik və bacarıqlara malik şagirdlər bu testlərin öhdəsindən rahat gələ bilirlər”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr