AZ

Novruzəli Aslanov: “Orta Dəhliz, Trans-Xəzər və Zəngəzur dəhlizləri kimi layihələr Türk dövlətlərinin geoiqtisadi mövqeyini gücləndirən strateji təşəbbüslərdir”



“Türk Dövlətləri Təşkilatının hökumət başçılarının Bakıda keçirilən son toplantısı bir daha göstərdi ki, bu qurum artıq sadəcə əməkdaşlıq platforması deyil, vahid strateji baxışa malik siyasi birlik kimi formalaşmaqdadır. Müasir beynəlxalq münasibətlər sistemində regional güc mərkəzlərinin rolu artdıqca, Türk dünyasının koordinasiyalı fəaliyyəti də daha böyük əhəmiyyət qazanır. Prezident İlham Əliyevin tədbirdə etdiyi çıxışında səsləndirdiyi “Biz dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” fikri təşkilat daxilində münasibətlərin xarakterini aydın şəkildə ifadə edir. Bu yanaşma göstərir ki, Türk dövlətləri arasında əlaqələr yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda dərin mənəvi və tarixi bağlara əsaslanır. Məhz bu amil birliyin davamlılığını və dayanıqlığını təmin edən əsas sütunlardan biridir.”

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) sədri Novruzəli Aslanov apa.az-a açıqlamasında səsləndirib.

Millət vəkili həmçinin qeyd edib ki, toplantıda səsləndirilən digər mühüm məqam təşkilatın artan beynəlxalq çəkisi ilə bağlı idi: “Dövlət başçımızın dediyi kimi, bu gün Türk Dövlətləri Təşkilatının həm bölgədə gedən proseslərə təsir imkanları getdikcə artır, həm də qlobal müstəvidə təşkilatın rolu artmaqdadır.” Təşkilat artıq regional proseslərə təsir edən mühüm aktor olmaqla yanaşı, qlobal gündəlikdə də öz yerini möhkəmləndirmək istiqamətində inamla irəliləyir. Cənab Prezidentin çıxışında Türk dünyasının birliyini şərtləndirən amillərin düzgün müəyyən olunması xssusilə diqqətəlayiqdir. Ortaq köklər, coğrafi yaxınlıq və qarşılıqlı etimad bu birliyi daha da gücləndirən əsas faktorlar kimi çıxış edir. Təşkilat daxilində institusional inkişafın davam etdirilməsi istiqamətində atılan addımlar da xüsusi vurğulanmalıdır. Zirvə görüşlərinin müntəzəm keçirilməsi və Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi görüşlərin ənənəyə çevrilməsi təşkilatın çevik və effektiv mexanizmlərlə fəaliyyət göstərdiyini nümayiş etdirir. Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşü isə həm siyasi, həm də simvolik baxımdan Türk dünyasının həmrəyliyinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu arada mən bir məqamı da xüsusi vurğulamaq istərdim. Cənab Prezident öz çıxışlarında Türk dövlətləri birliyinin daha da möhkəmləndirilməsi baxımından təkilata üzv ölkələrdə mövcud olan identik qurumların da koordinasiyalı fəaliyyətlərinin vacibliyini qeyd edib. Bu baxımdan əlbəttə ki, 19 noyabr 2025-ci il tarixində Bakıda keçirilmiş Türk Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısının əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Bildiyiniz kimi, TQŞ-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın milli cəmiyyətləri daxildir. Türk dövlətlərinin Qızıl Aypara Cəmiyyətlərinin prezidentlər şurasının iştirakı ilə keçirilən həmin toplantıda 2026-cı il üzrə “Qırmızı Şəbəkə” platformasına sədrlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinə keçib və hazırda mən bu vəzifəni icra edirəm.”

Sonda AzQAC sədri aprelin 2-də keçirilmiş toplantının əsas prioritet istiqamətlərindən birinin də iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi ilə bağlı olduğunu vurğulayıb: “Orta Dəhliz, Trans-Xəzər və Zəngəzur dəhlizləri kimi layihələr Türk dövlətlərinin geoiqtisadi mövqeyini gücləndirən strateji təşəbbüslərdir. Xüsusilə indiki geosiyasi şəraitdə bu marşrutların əhəmiyyəti daha da artır və onlar qlobal ticarət sistemində mühüm alternativlər kimi çıxış edir. Bütün bunlar onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatı qarşıdakı dövrdə həm regional, həm də qlobal səviyyədə daha fəal və təsirli rol oynayacaq. Bu isə yalnız ortaq maraqlara deyil, eyni zamanda ortaq dəyərlərə və vahid strateji baxışa söykənən əməkdaşlığın nəticəsi kimi mümkün olacaq” – deyə, Novruzəli Aslanov açıqlamasını başa çatdırıb.



Seçilən
42
aia.az

1Mənbələr