AZ

Putin - Paşinyan: kim aldatdı?..

Aprelin 1-i bütün dünyada gülüş, hətta “axmaqlar günü” kimi qeyd olunur. Həmin gün, nəinki adi adamlar, KİV-lər belə yalan məlumatlar yayır. Odur, bilmirəm, erməni baş nazirinin Moskvaya səfərinin bu tarixə təsadüf etməsinin özü də bir təsadüf idi, yoxsa burada da bir simvolik məna vardı? Görüşün motivi ən çox belə yozulur ki, Paşinyan 7 iyun parlament seçkləri ərəfəsində Kremllə münasibətləri bir növ, düzəltmək istəyir.

Ümümi mənada bəlkə də belədir, amma konkretliyə gələndə nə Rusiya, nə də Paşinyan tərəfindən hansısa jest müşahidə etmədik: Putin diplomatik şəkildə Nikola, bizim dildə desək, işarə etdik ki, adam kişi olar, birini seçin, ya Avropa, ya da Avrasiya İttifaqını, necə deyər, qızın iki adaxlısı olmaz axı! Ardınca Nikol Paşinyandan xahiş etdi ki, seçkidə rusiyapərəst qüvvələrin də sərbəst iştirakına şərati yaratsın.

Əslində bununla Putin Nikolun “yadına saldı” ki, Ermənistanda bizim adamımız sən deyilsən, başqalarıdır və Kreml onların bundan sonra da ən azı “dəyənək” kimi qalmasında çox maraqlıdır.
Elə Nikol Paşinyan tərəfdən də nəinki barışdırıcı, heç güzəşt jesti sezmədik. Bəli, adam dedi ki, Rusiya bizim üçün vacib ölkədir. Amma bunu kim demir? Hətta Afrikadan, nə bilim, Fil Sümüyü ölkəsindən gələn “siyasətçi” belə deyir; yəni bu, siyasi- diplomatik etiket qaydası sayılır, hansı ölkənin başçısı durub “Bizim düşmənimizsən” deyəcək?..

Hətta hiss olundu ki, vaxt münasib olmasa da (Trampın başı İrana qarışıb, qarşıdan 7 iyun seçkisi gəlir və s. və i.) Paşinyan yenə də ruslarla “dəmiryolu məsələsi”ni müzakirə etməyə çalışdı. Hətta KTMT ilə bağlı özünəməxsus tərzdə “üzrxahlıq” etdi və mədəni şəkildə işarə etdi ki, bizi orada gözləməyin, halbuki ən azı 7 iyun seçkisi xatirinə daha diplomatik şəkildə deyə bilərdi ki, fikirləşirik, baxarıq və s.
Doğrusu, KTMT məsələsi məni daim düşündürür, ona görə ki, bu vaxtadək Paşinyan açıq şəkildə dəfələrlə göstərib, təsdiq edibdir ki, o, İkinci Qarabağ Savaşının nəticələrindən, Qarabağın on illərdən sonra tam şəkildə Azərbaycanın nəzarətinə keçməsindən, Azərbaycana qayıtlmasından qəti narazi deyil, hansısa “revanş” haqqında düşünmür, əksinə ölkədə revanşist tör-töküntünü azı siyasi cəhətdən təcrid etməyə çalışır, onları erməni xalqının yaşadığı bütün bəlaların baiskarı hesab edir! Səhv etmirəmsə, Moskva görüşü ərəfəsində də bir daha bəyan etdi ki, ölkədə bütün “Qarabağ hərakatları”na son verilməlidir, çünki İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Amma həm də hər dəfə özünü elə göstərir ki, guya KTMT-nin müharibə zamanı Ermənistana dəstək göstərməməısindən incikdir. Mənə elə gəlir ki, bu, sadəcə, Nikolun Kreml qarşısında “bəhanə”sidir, bir növ, Kremli, Moskvanı “borclu çıxarmaq” istəyidir. Daim yazırıq ki, siyasəti abstraktlaşdırmayın–mücərrədləşdirməyin, onu da insanlar yaradır və həyata keçirir, hansılar ki, hamımız kimi insandırlar, müəyyən hisslər, hətta neqataiv stereotiplər onlara yad deyil!


Baxıram və görürəm ki, Putinlə Paşinyanın görüşü əslində biri-birinə nifrət edən iki siyasət adamının görüşü idi. Əlbəttə, Paşinyan Saakaşvili deyil, daha hiyləgər adam təsiri bağışlayır. Saakaşvilisə siyasət adamından daha çox “T-34” tankına bənzəyir, adam hətta fikirləşir ki, görən, buna Kiyev Beynəlxalq Münasibətlər İnstitutunda nə öyrədiblər, diplomatiya dərsi keçiblərmi?
İkincisi, ehtimallar var ki, guya hətta Paşinyanla Putini “birləşdirən” başqa məqamlar var: guya hər ikisi sanksiyalardan karlı qazanıblar! Ola bilər! Nə təsdiq, nə inkar edə bilmərəm, gəl, Paşinyan tamam romantik demokrat təsiri də yaratmır...

Ümumiyyətlə, siyasətçilərin çoxu belədir, onlar özlərini, öz “ehtiyac”larını heç vaxt yaddan çıxarmırlar. Bəla başqadır: elələri olur ki, özlərindən başqa hər şeyi, hamını unudurlar! Bəla budur!
Bəla həm də Putin kimilərdir. Rusiyanın 300 milyard dollar valyuta ehtiyatı vardı! Putinə görə hamısı sanksiya altındadır, bir qəpik çıxara bilmirlər! İran müharibəsi Putinçün ikiqat uduş oldu. Ukrayna hərbi tetarında əl-qolu bir az da açıldı. Üstəlik, müharibə nəticəsində neft xeyli bahalaşdı, ruslarin bir ayda on milyardlarla dollar qazandığı yazılır! Bu pullar hara gedəcək, bədbəxt İvana onun bir faydası olacaqmı? Çətin! Böyük ehtimalla bunlar da Putinin militarist avantüralarına xərclənəcək!

Paşinyana qayıtsaq, 7 iyun bizi də az narahat etmir. Bir-iki ildir ki, Cənubi Qafqazda bir az “geosiyasi yaxınlaşma” duyulur. Ona görə belə deyirik ki, 90-cı illərdə Qərb analitikləri deyirdi ki, üç Qafqaz ölkəsinin problemi həm də ondadır ki, bunlar fərqli geosiyasi müstəvilərdə qərar tutub!
Yox, şəxsən biz qəti demirik ki, bu üç ölkənin hamısı, nə bilim, qərbpərəst və s. olsun. Yox, yetər ki, hamısı iki həqiqəti başa düşsün.

Birincisi, qonşularla yaxşı münasibətlər qurulmalıdır. İkincisi, Moskvayla da əməkdaşlıq etmək olar, bircə şərtlə ki, onun dediyilə oturub-durmayasan, siyasətini özün qurasan, xüsusən də qonşu, yaxın ölkələrlə bağlı...

İyun seçkiləri buna aydınlıq gətirəcək. Bizdə də bəzisi deyir ki, əşi, seçkidir də! Belə deyil, nəinki demokratik, normal ölkələrdə belə seçki hər şey deməkdir. Türkiyəli qardaşlar demiş: Millətin qərarı hər şeydən üstün!

Məncə, Ermənistanda da seçkiləri saxtalaşdırmaq imkanları yoxdur. Ona görə də Paşinyanın da heç də həmişə düzgün anlşılmayan hərəkətlərində - çabalarında müəyyən məntiq var, adam seçki saxtakarı (hər halda, buna ümid edirik!) deyil, pis -yaxşı, demokratik düşüncəli siyasətçidir və buna görə seçki ərəfəsində çox narahatdır.

Ümidverici odur ki, əsas opponenti baş fasist Koçaryandır. Baxıram, hətta ruslar etiraf edir ki, elə də ciddi rəqib deyil, çünki ermənilər özləri ona nifrət edir! Amma problem bilirsiniz, nədir? Koçaryana nifrət etmək hələ Paşinyanı sevmək də deyil! Ona görə Paşinyan öz siyasi səhnəsini bir az genişləndirməlidir, tək qərbpərəstlərlə yox, ümumiyyətlə, İrəvanın həqiqi müstəqilliyini istəyən bütün siyasi qruplarla ittifaqa getməlidi- bu, özü üçün də çox vacibdir...

Seçilən
49
musavat.com

1Mənbələr