Xəbər verildiyi kimi, “Can Fəda” adlı platforma üzərindən İranın müdafiəsi üçün könüllü səfərbərlik elan olunub. Məlumata görə, artıq 7 milyondan çox şəxs könüllü şəkildə qeydiyyatdan keçərək müharibəyə qoşulmaq istədiyini bildirib. Bu göstərici son illər üçün rekord sayılır və ölkə daxilində geniş səfərbərlik ab-havasının formalaşdığını göstərir.
Milyonlarla vətəndaşın ölkənin müdafiəsi üçün döyüşməyə hazır olduğunu nümayiş etdirməsi İran hakimiyyətinin informasiya-psixoloji müharibə, yoxsa ictimai motivasiya üçün hazırlanmış gedişdir?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, bu iddia səslənmə baxımından təsirli görünür, amma onu real hərbi gücə çevrilən faktor kimi qəbul etmək düzgün olmaz:
“Məsələyə daha soyuq başla, struktur şəkildə baxmaq lazımdır. İran kimi ölkələrdə belə kampaniyalar çox vaxt həm real, həm də psixoloji müharibə aləti olur. “7 milyon könüllü” kimi rəqəmlər də bu məqsəd üçün sayıla bilər. Təkrar qeydiyyat, emosional çağırışlar və ya simvolik dəstək formasında şişirdilməsi də mümkündür. Burada əsas məqsəd yalnız insan toplamaq yox, həm də daxili motivasiya və düşmənə mesaj verməkdir. Eyni zamanda, bu da faktdır ki, İrana qarşı müharibə xalqın böyük hissəsini vahid düşmənə qarşı birləşdirib. Hətta rejimə qarşı olan qüvvələr xarici müdaxilə nəticəsində müxalifət mövqeyini kənara qoyublar. Hansısa platformada könüllü qeydiyyatdan keçmək isə hələ real hərbi güc demək deyil. Effektiv qüvvəyə çevrilmək üçün hərbi təlim, silah və logistika təminatı, komanda-idarəetmə sistemi lazımdır. İranın əsas döyüş qabiliyyətli strukturları artıq mövcuddur. Xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu və ordu. Kütləvi könüllülər isə daha çox arxa cəbhə, daxili təhlükəsizlik, ideoloji səfərbərlik üçün istifadə olunacaq”.

Ekspert xatırladıb ki, İran artıq buna oxşar modeli İran-İraq müharibəsi dövründə tətbiq edib:
“O zaman da milyonlarla insan səfərbər olunmuşdu, amma real döyüş effektivliyi əsasən peşəkar hissələrin üzərində idi, könüllülərin böyük hissəsi aşağı hazırlıq səviyyəsinə malik idi. Bu cür kütləvi qeydiyyatın dolayı təsirləri daha əhəmiyyətlidir. Hakimiyyət üçün daxili legitimliyin möhkəmlənməsi, müharibəyə ictimai dəstək görüntüsü, xarici aktorlara uzunmüddətli müqavimət mesajı vermək baxımından ciddi məsələdir.”Can Fəda” kimi platformalarda milyonlarla könüllünün qeydiyyatı psixoloji və siyasi baxımdan əhəmiyyətli siqnaldır. Lakin müharibədə əsas güc yenə də peşəkar hərbi strukturların, texnologiyanın və strateji idarəetmənin üzərində qalır. Bu kampaniya isə daha çox müharibənin ideoloji və informasiya cəbhəsində üstünlük yaratmağa yönəlib”.
Etibar Seyidağa,
Musavat.com