AZ

Ağ Evin NATO ŞOKU: Alyansın gələcəyi təhlükədə

ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların NATO-dan çıxması imkanlarını araşdırdığına dair verdiyi son bəyanatlar dünya siyasətində zəlzələ effekti yaradıb.

Alyansı kəskin şəkildə tənqid edərək “kağız pələng” adlandıran Tramp, xüsusilə İranla yaşanan gərginlik və Hörmüz boğazındakı təhlükəsizlik əməliyyatlarında müttəfiqlərin Vaşinqtonu tək qoymasından narazılığını ifadə edib. “The Telegraph” qəzetinə müsahibəsində bu variantın artıq sadəcə bir ehtimal deyil, ciddi bir nəzərdən keçirmə mərhələsində olduğunu vurğulayan ABŞ lideri, hərbi əməliyyatların yaxın həftələrdə yekunlaşa biləcəyini və ABŞ-nin bölgəni tərk etməyə hazırlaşdığını diqqətə çatdırıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, Trampın bu çıxışı Qərb daxilindəki dərin çatların və maraq toqquşmalarının rəsmi etirafıdır:

“Donald Trampın NATO-nu ‘kağız pələng’ adlandırması təsadüfi deyil. Bu, ABŞ-nin artıq Avropanın təhlükəsizlik xərclərini təkbaşına çəkmək istəmədiyini və müttəfiqlərindən real hərbi dəstək görmədikdə alyansın əhəmiyyətini itirdiyini göstərir. Xüsusilə Hörmüz boğazı kimi strateji bir nöqtədə ABŞ-nin maraqlarının müdafiə olunmaması Vaşinqtonun ‘niyə qalmalıyıq?’ sualını daha ucadan verməsinə səbəb olur. Bu bəyanat həm də Avropa ölkələrinə ünvanlanmış çox sərt bir ultimatimdur”.

Elçin Xalidbəyli

Onun sözlərinə görə, ABŞ-nin alyansı tərk etməsi qlobal təhlükəsizlik arxitekturasının tamamilə çökməsi demək olar:

“Tramp administrasiyası hesab edir ki, NATO artıq müasir təhdidlərə cavab vermir və üzv ölkələr sadəcə ABŞ-nin hərbi gücünün kölgəsində daldalanmaqla məşğuldurlar. Siyasi şərhçilər bunu ‘izolyasiya siyasəti’nin yeni mərhələsi kimi dəyərləndirirlər. Əgər ABŞ doğrudan da NATO-dan çıxsa, bu, İkinci Dünya müharibəsindən sonra yaranmış nizamın sonu demək olacaq. Trampın İranla bağlı əməliyyatları iki-üç həftəyə bitirmək və bölgədən çıxmaq istəyi isə ABŞ-nin xarici siyasətində radikal bir dönüşün anonsudur”.

Siyasi şərhçi bildirib ki, bu gərginlik həm də beynəlxalq enerji bazarlarına və regional güc balansına birbaşa təsir edəcək:

“ABŞ prezidentinin ‘NATO məni heç vaxt inandırmayıb’ deməsi onilliklər boyu qurulan hərbi əməkdaşlıq bağlarının nə qədər kövrək olduğunu üzə çıxardı. Tramp həm də bununla daxili auditoriyaya mesaj verir ki, Amerika resursları okeanın o tayındakı ‘vəfasız’ müttəfiqlərə deyil, ölkənin daxili inkişafına xərclənməlidir. Yaxın həftələr həm NATO-nun taleyi, həm də Yaxın Şərqdəki hərbi mövcudluq baxımından həlledici olacaq. Əgər Vaşinqton bu addımı atsa, Avropa öz təhlükəsizliyini təmin etmək üçün tamamilə yeni və mürəkkəb bir axtarışa çıxmalı olacaq”.

Tunar
NOCOMMENT.az

Seçilən
30
50
nocomment.az

10Mənbələr