AZ

Sarsılmaz birlik və qlobal güc strategiyası -AKADEMİK



Abel Məhərrəmov,
akademik, Əməkdar elm xadimi


Bakı bu günlərdə növbəti dəfə tarixin mərkəzinə çevrildi, qardaşlığın və sarsılmaz birliyin paytaxtı olduğunu sübut etdi. Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçılarını Bakıda səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışı sadəcə bir siyasi bəyanat deyil, Türk dünyasının gələcək onilliklərini nurlandıran bir yol xəritəsidir. Cənab Prezidentin hər kəlməsində hiss olunan qətiyyət və milli təəssübkeşlik bir daha göstərdi ki, onun rəhbərliyi altında Azərbaycan Türk birliyinin ən möhkəm qalasına çevrilmişdir.
"Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur!" – Dövlətimizin başçısının müxtəlif kürsülərdən böyük cəsarətlə bəyan etdiyi bu müqəddəs həqiqət, bu gün Bakı görüşünün ana xəttini təşkil etdi. Cənab Prezident İlham Əliyev bu ailəni gələcəyə aparmaq üçün vahid məqsəd ətrafında birləşməyin vacibliyini vurğulamaqla yanaşı, TDT-ni dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına qaldırmaq əzmini ortaya qoydu. Onun vurğuladığı kimi, bizi birləşdirən təkcə coğrafiya və maraqlar deyil, ən başlıcası, qan yaddaşımız – etnik köklərimizdir. Bu nadir üstünlük, Prezidentin uzaqgörən siyasəti sayəsində bu gün dünyada tayı-bərabəri olmayan bir siyasi modelə çevrilib.

Bu gün Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsinin sürətlə artması, qardaş dövlətlərin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyulması və Özbəkistan, Qazaxıstan, Qırğızıstan ilə yaradılan birgə investisiya fondları məhz cənab Prezidentin iqtisadi diplomatiyasının parlaq zəfəridir. Lakin bu birlik təkcə rəqəmlərdə deyil, ən ağır və ən sevincli günlərdə bir-birinin yanında olmaqdadır. Qarabağın və Şərqi Zəngəzurun bərpasında qardaş dövlətlərin imzası – Füzulidə ucalan Mirzə Uluqbəy məktəbi, Kurmanqazı adına Yaradıcılıq Mərkəzi, Manas məktəbi və Xankəndidə fəaliyyətə başlayan möhtəşəm tikiş fabriki cənab Prezidentin qardaşlıq bağlarını necə yüksək qiymətləndirdiyinin bariz nümunəsidir. Azərbaycanın da öz növbəsində Türkiyədəki zəlzələdən sonra Kahramanmaraşda inşa etdiyi "Azərbaycan məhəlləsi" ilə bu vəfanı qaytarması, dünyaya verilən bir "birik və bütövük" mesajıdır.

Cənab Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsində atdığı nəhəng addımlarla Türk dünyasını qlobal tranzitin vazkeçilməz mərkəzinə çevirib. Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizinin icrasında əldə olunan möhtəşəm irəliləyişlər (avtomobil yolunun 90%-i, dəmir yolunun 70%-i), Qars-Naxçıvan xəttinin təməlinin qoyulması hər kəs üçün yeni imkanlar açır. 15 milyon ton yükdaşıma potensialı olan bu nəhəng arteriya Azərbaycan Liderinin təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün təqdim etdiyi sülh və əməkdaşlıq körpüsüdür.

Bakıdakı bu tarixi görüş sübut etdi ki, dünyadakı bir çox təşkilatlardan fərqli olaraq, TDT daxilində heç bir ixtilaf yoxdur – burada ancaq qarşılıqlı hörmət, etiram və sarsılmaz dostluq hakimdir. Prezident İlham Əliyevin Şuşada başlanan qeyri-rəsmi zirvə görüşləri ənənəsi qardaş ölkə başçılarını ildə ən azı iki dəfə bir araya gətirərək bu ailə bağlarını daha da poladlaşdırır.

Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bu ailəni gücləndirməyə, onu qlobal bir aktora çevirməyə davam edəcək. Bizim birliyimiz, enerjimiz və sarsılmaz iradəmiz qarşısında heç bir maneə dura bilməz. Türk dünyasının gələcəyi bu gün Bakıdan başlayan bu nurlu yolda daha parlaq, daha əzəmətli görünür!




Seçilən
36
aia.az

1Mənbələr