“Mən doğuşdan müsəlmanam. İslama uyğun dəfn, yas mərasimləri olur, gedirəm “Fatihə” surəsini də oxuyuram. Heç bir problem yoxdur. Ancaq özümü müsəlman hiss edə bilmirəm. Sayıram, lakin içimdə hiss edə bilmirəm”.
Pravda.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət TNS TV-yə deyib.
O, tanrıçı olduğunu vurğulayıb: “Mən şəxsən özümü tanrıçı hiss edirəm. Türkün Tanrısı varkən İslamın Allahı yox idi əslində. Amma bunun da münaqişəsinin tərəfdarı deyiləm. Çünki Tanrı təkdir. Sonra gəldi İslamda “Allah” oldu. “Allah” olaraq təqdim olunur. Deist də saymaq olar. Hələ də cavabını tapmadığım suallar var. Tolerantlıqdan bəhs edirəm ki, islamdırsa, yəhudilikdirsə, xristianlıqdırsa qəbuldur, heç birini inkar etmirəm. Heç birinin ardıcıllarını gözardı etmirəm, “Siz nə axmaq işlə məşğulsunuz” deyə alçatmıram. Din seçimdir. Sadəcə olaraq insanın daxili iç səsi var ki, “Sən özünü nə, kim hiss edirsən?” Bu səbəbdən deyirəm ki, müsəlman doğulmuşam amma mən özümü müsəlman hiss edə bilmirəm. Niyə edə bilmirəm? Axı mən rüşvət almıram, kiminsə haqqına girmirəm, yalan danışmıram, vicdansızlıq etmirəm, haram yemirəm. Amma müsəlmanam deyənlərin demək olar ki, böyük əksəriyyəti bunu edir”.
Şəhanə Quliyeva