AZ

Yeni DƏHŞƏTLİ pandemiya gəlir – Dünya TƏHLÜKƏDƏ!

Son aylarda dünya miqyasında COVID-19-un yeni “Cicada” (BA.3.2) altvariantı ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Xüsusilə ABŞ və Avropanın bir çox ölkələrində sürətlə yayılan bu variant genetik mutasiyalarının çoxluğu ilə fərqlənir ki, bu da onun həm yoluxuculuq qabiliyyətini artırır, həm də immun sistemindən yayınmasını asanlaşdırır.

Mövsümi allergiyaların və digər respirator infeksiyaların aktivləşdiyi bir dövrdə “Cicada”nın simptomlarını ayırd etmək çətinləşdiyi üçün mütəxəssislər əhali arasında ayıq-sayıqlığın vacibliyini vurğulayırlar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Adil Qeybulla qeyd edib ki, bu cür mutasiyaların ortaya çıxması virusun təbii təkamül prosesinin bir hissəsidir:

“SARS-CoV-2 virusu mütəmadi olaraq dəyişir və yeni altvariantlar formalaşır. “Cicada” variantı da məhz belə bir mutasiyanın nəticəsidir. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar bu variantın yayılma dinamikasını ciddi şəkildə izləyir. Əsas məsələ ondan ibarətdir ki, bu variantın genetik quruluşundakı dəyişikliklər onun əvvəlki immunitet sədlərini nə dərəcədə keçə biləcəyini müəyyən edir”.

Onun sözlərinə görə, yeni variantın simptomlarını digər xəstəliklərdən fərqləndirmək bəzən peşəkar həkimlər üçün də çətinlik yarada bilir:

“BA.3.2 variantı özünü boğaz ağrısı, hərarət, halsızlıq və öskürəklə büruzə verir. Lakin hazırda mövsümi allergiyaların artması fonunda asqırma və burun axıntısı kimi əlamətlər insanları çaşdırır. Vətəndaşlar çox vaxt bu simptomları adi soyuqdəymə və ya allergiya hesab edərək test verməkdən yayınırlar. Lakin unutmaq olmaz ki, dəqiq diaqnoz qoyulmadan virusun yayılma zəncirini qırmaq mümkün deyil. Ona görə də hər hansı şübhəli halda mütləq test verilməlidir”.

Professor bildirib ki, qlobal miqyasda yoluxma sayının artmasına baxmayaraq, panikaya düşmək üçün hələlik ciddi əsas yoxdur:

“Bu gün dünya üzrə 20-dən çox ölkədə bu varianta rast gəlinir və bəzi regionlarda o, artıq ümumi yoluxmaların önəmli hissəsini təşkil edir. Lakin pandemiyanın əvvəlki illərindəki kimi ağır karantin rejiminin tətbiqinə ehtiyac duyulacağını düşünmürəm. Sadəcə olaraq, risk qrupuna daxil olan şəxslər — yaşlılar və xroniki xəstəliyi olanlar qapalı məkanlarda daha diqqətli olmalı, gigiyena qaydalarına riayət etməlidirlər. Biz virusla yaşamağı öyrənməli, eyni zamanda onun gətirə biləcəyi yeni sürprizlərə qarşı hazırlıqlı olmalıyıq”.

Tunar
NOCOMMENT.az

Seçilən
28
nocomment.az

1Mənbələr