AZ

Avtobus dayanacaqlarındakı informativ lövhələrin durumu SUAL YARATDI: Xanalar niyə doldurulmur? FOTO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakı şəhərində bir çox avtobus dayanacaqlarında quraşdırılan məlumat lövhələrində xanaların boş qalması sərnişinlərdə suallar yaradıb.

Bununla bağlı Oxu.Az-a müraciət daxil olub. Bildirilib ki, sözügedən lövhələrdə əslində bu məntəqədə dayanan avtobus marşrutlarının nömrələri qeyd edilməlidir.

Lakin əksər dayanacaqlarda bu məlumatların yerləşdirilməsi üçün nəzərdə tutulan xanalar doldurulmayıb.

"Bu lövhələr informativ məqsəd daşımalıdır. Amma əksər hallarda tamamilə boşdur. Sərnişinlər dayanacaqlarda hansı avtobusların dayanacağını öyrənə bilmir. Bu xanaların doldurulmamasının səbəbi nədir?" - deyə müraciətdə qeyd olunub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə aydınlıq gətirib.

Nəzərə çatdırılıb ki, avtobus dayanacaq nişanlarına dair yeni standartlar müəyyən edilib:

"Sərnişindaşıma sistemi dinamik şəkildə sərnişinlərin tələbatına uyğunlaşdırılır, daim yenilənir və genişlənir. Mütəmadi olaraq optimallaşdırma işləri aparıldığından yeni quraşdırılan nişanlarda marşrut nömrələrinin qeyd olunduğu lövhə yer almayacaq və standarta uyğun olmayan, köhnə nişanlar da əvəzlənəcək. Hər bir dayanacaq üzrə aktual marşrut xətləri haqda daha dolğun və dəqiq məlumatı əldə etmək, avtobusların gəlişini izləmək üçün isə "AYNA MaaS" tətbiqi mövcuddur. Bu tətbiqdə istənilən dəyişikliklər real vaxt rejimində öz əksini tapır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
oxu.az

1Mənbələr