AZ

Əhali təbii fəlakətlərə qarşı əmlak sığortasına niyə maraq göstərmir?

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Bu günlərdə yağan güclü yağışlar nəticəsində bir çox ərazi su altında qaldı, evlərə ciddi ziyan dəydi. Tavanı uçan, döşəməsi çökən, yaşayış üçün yararsız hala düşən evlərin sayı az deyil. Təbii fəlakətlər gözlənilməz və qaçılmazdır, təbii fəlakətlər nəticəsində yaşayış evlərinə dəyən ziyanın qarşısını almaq mümkün olmasa da, onların yaratdığı maliyyə itkilərini minimuma endirmək mümkündür. Ekspertlər mənzilləri gözlənilməz təbii fəlakətlərdən qorumaq üçün vətəndaşlara evlərini sığortalamağı məsləhət görürlər. Vətəndaşın mülkiyyətində olan obyekt əgər sığortalıdırsa, bu halda sığorta şirkəti tərəfindən dəymiş zərərin məbləği müəyyən edilərək ödənilir. Əks təqdirdə, vətəndaş bu xərci özü çəkmək məcburiyyətində qalır.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bəzi hallarda fövqəladə vəziyyət zamanı dövlət vətəndaşa dəymiş zərərin əvəzini ödəməyi öz üzərinə götürür. Məsələn, bu fəlakətlərə zəlzələ nəticəsində dağılmış obyektlər də daxildir. Yağış nəticəsində isə evi su ilə dolmuş və bu istiqamətdə zərər görmüş vətəndaş üçün dövlət hər hansı məsuliyyət daşımır. Buna görə də qanunvericilikdə bu kimi şəxslərə dəymiş zərərə görə hər hansı kompensasiya ödənişi nəzərdə tutulmur: "Bu cür təbii fəlakətlər zamanı dəymiş zərərin daha asan aradan qaldırılması üçün vətəndaşlar vaxtında sığortadan yararlanmalıdırlar. Vətəndaşlar bilməlidirlər ki, evlərdə hər hansı baş verən zərər nəticəsində sığorta onu qarşılayacaq. Sadəcə olaraq, vətəndaşlarda sığortaya inam tam formalaşmadığı üçün buna bir qədər etinadsız yanaşılır. Vətəndaşları buna təşviq etmək üçün sığorta şirkətləri də bir çox işlər aparmalıdırlar, inam yaratmalıdırlar. Vətəndaş əmin olmalıdır ki, doğrudan da, onun evinə hər hansı bir zərər dəydikdə, o, ödəniləcək. Bundan sonra demək olar ki, vətəndaşlar könüllü şəkildə o sığortaya maraq göstərər. Təəssüf ki, fərdi yaşayış evlərini bəzi vətəndaşlar özləri könüllü sığortalamaq istəsələr də, bir çox hallarda sığorta şirkətləri təhlükəsizlik qaydalarına riayət olunmadan tikilən fərdi yaşayış evlərinin sığortalanmasından imtina edirlər. Ümumiyyətlə, çıxarışı olmayan bütün növ daşınmaz əmlakın sığortası həyata keçirilmir. Bu da həm fərdi yaşayış evlərinin, həm də mənzillərin sığortalanmasını minimuma endirir. Bazar iqtisadiyyatıdır. Bu mənada vətəndaşlar sığorta xidmətlərindən yararlanmaqda maraqlı olmalıdırlar. O cümlədən daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanun da var. Təəssüf ki, su basmış ərazilərdəki fərdi yaşayış evlərinin əksəriyyəti özbaşına tikililərdən ibarətdir. Nəticədə onlar sığortadan da yararlana bilmirlər. Qanun dövlətin üzərinə bununla bağlı hər hansı öhdəlik qoymur. Bazar iqtisadiyyatı şəraitində mülkiyyətçi - əmlak sahibi zərərini özü, öz vəsaiti hesabına qarşılamalıdır".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, güclü yağışların yaratdığı fəsadlar yenidən sığorta və hüquqi qeydiyyat problemini gündəmə gətirib: "Son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində yüzlərlə fərdi yaşayış evinə ciddi maddi ziyan dəyib. Xüsusilə subasma halları daha çox sənədsiz - çıxarışsız tikilmiş evlərin yerləşdiyi ərazilərdə qeydə alınıb. Mövcud qanunvericiliyə əsasən, belə hallar rəsmi şəkildə təbii fəlakət kimi qiymətləndirildiyi təqdirdə, zərərçəkmiş vətəndaşlara dövlət tərəfindən müəyyən həcmdə maliyyə dəstəyi göstərilməsi mümkündür. Lakin hadisə bu statusu almazsa, dəymiş ziyanın qarşılanması vətəndaşların öz üzərinə düşür".

Elnur Fərzəliyevin dediyinə görə, Türkiyə, İran və digər ölkələrdə baş verən zəlzələ zamanı əmlakların sığortası olursa, avtomatik olaraq dəymiş zərər sığorta şirkətləri tərəfindən qarşılanır. Bizdə isə sığortaya maraq o qədər də böyük olmadığına görə, hər hansısa təbii fəlakət baş verən zaman dəymiş zərər dövlət tərəfindən qarşılanır. Vətəndaşın uçmuş əmlakını tikib verirlər. Bəzi ərazilər var ki, o ərazilərdə su basma və digər hadisələr baş verib və həmin əmlaklar hələ də olduğu vəziyyətdə qalıb. Bütün hallarda daşınmaz əmlakın sığortalanması vətəndaşlar üçün xidmət edir. İcbari sığortanın qiyməti Bakı üçün 50 manatdır. 50 manat qarşılığında 25 min manatadək dəymiş zərər qarşılanır. Hazırda Bakı və digər böyük şəhərlərdə yerləşən daşınmaz əmlakların böyük əksəriyyəti alınıb, kirayə verilir. Ən çox sığorta hadisələri də kirayə mənzillərdə baş verir. Subasma, yanğın hadisələri, qaz partlayışı və sairə. Vətəndaşlar əmlaklarını kirayə verib, aylıq gəlir əldə edirlərsə, minimal olaraq ildə bir dəfə 50 manat ödəməklə öz əmlaklarını həm də qorumuş olurlar. Bütün hallarda əmlaklar sığortalansa, bu, vətəndaşlar üçün daha faydalı olar. Çünki ölkədə, xüsusilə də Bakıda əmlakların qiyməti bahadır: "İnsanlar on minlərlə, hətta yüz minlərlə manat pul ödəyib əmlak alır, amma əmlaklarının qorunması üçün ildə 50 manat pul ödəmək istəmirlər. Müəyyən maarifləndirmə işləri aparılsaydı, könüllü olaraq ödəyərdilər. Təəssüf ki, bu da yetərincə aparılmır. 100 minlərlə çıxarışı olmayan, mülkiyyət hüququ tanınmayan yeni tikili binalarda evlər, fərdi həyət evləri var. Bunların da sığortalanması üçün mütləq şəkildə mülkiyyət hüququ tanınmalıdır. Bu işlərlə paralel əmlakların çıxarışlarının verilməsi sahəsində ciddi addımlar atılmalıdır. Bununla bağlı dəfələrlə müzakirələr aparılsa da, qərarlar çıxsa da, reallıqda yaxşıya doğru heç bir addım yoxdur. Qərarlar, sadəcə, sənəd üzərində qalır. Həmin əmlakların da sığortalanması üçün də mütləq şəkildə onların mülkiyyət hüququ tanınmalı, çıxarışlar verilməlidir ki, sığorta sahəsində ikitirəlik yaranmasın. Bir hissə məcburi sığortalanır, digər hissə isə sığortalana bilmir. Çıxarışı olmayan mənzil sahibləri istəsələr də, evlərini sığortalaya bilməyəcəklər. Bu işlər paralel aparılarsa, sığorta sahəsində ciddi inkişaf olar. Ölkə büdcəsinə də böyük gəlir gətirilmiş olar. Eləcə də vətəndaşlarda da əminlik yaranar ki, hansısa hadisə baş verərsə, sığorta şirkətləri əminliklə əmlaklarını sığortalayacaq".

Ekspert vurğulayıb ki, problemin ən həssas tərəfi isə ondan ibarətdir ki, zərər görən evlərin əksəriyyəti çıxarışsız olduğundan rəsmi qaydada sığortalana bilmir. Bu isə o deməkdir ki, vətəndaşlar nə sığorta ödənişindən yararlana bilir, nə də bəzi hallarda dövlət kompensasiyasına tam şəkildə çıxış əldə edə bilirlər. Əgər bu yaşayış evləri hüquqi qeydiyyatdan keçmiş və sığortalanmış olsaydı, dəyən ziyan sığorta şirkətləri tərəfindən qarşılanmalı idi. Mövcud vəziyyət isə bir daha göstərir ki, plansız tikinti, sənədləşmə problemləri və riskli ərazilərdə məskunlaşma gələcəkdə daha ciddi sosial-iqtisadi fəsadlara yol aça bilər.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə əsasən, istər həyət evləri olsun, istərsə yeni tikililərdəki mənzillər - sığortanın tətbiqində əngəllər meydana çıxacaq. Qanun çıxarışı yolmayan mülkü sığortalamağa icazə vermir: "Ona görə də prosesin əvvəlindən gərək siyasi qərar veriləydi, sonra sığortaya başlanardı. Söhbət amnistiyadan gedir. Sənədsiz evlər problemi həll olunmalıydı. Bir çox ölkələrdə belə problem olub. Amma vətəndaş daimi orada yaşayırsa, kommunal ödənişlər edirsə, çıxarış almaq hüququ qazanır. O baxımdan Azərbaycanda amnistiya olmalıdır".

Sığorta məsələləri üzrə ekspert Ələddin Hamazov deyir ki, adətən daşınmaz əmlak sığortası yanğın, partlayış, su basma, təbii fəlakət, qəfil qəza xarakterli hadisələr nəticəsində mənzilə və ya yaşayış evinə dəyən zərəri ödəyə bilər. Bəzi hallarda təkcə divar, tavan, döşəmə kimi konstruktiv hissələr deyil, daxili təmir elementləri də təminata daxil edilir. Amma bu, məhsulun şərtlərindən asılıdır. Məsələn, mənzildə yanğın baş veribsə və nəticədə qapılar, pəncərələr, tavan örtüyü, elektrik xətləri zədələnibsə, sığorta həmin zərərin qiymətləndirilmiş məbləğini ödəyə bilər. Eyni yanaşma boru partlaması nəticəsində suyun divarlara, parketə və daxili üzlüyə zərər vurduğu hallarda da tətbiq oluna bilər: "Çox adam düşünür ki, hadisə baş verən kimi sığorta tam təmir xərcini ödəyəcək. Praktikada isə ödəniş bir neçə amilə görə hesablanır. Birincisi, sığorta məbləği var. Əmlak hansı məbləğə sığortalanıbsa, ödəniş onun çərçivəsində aparılır. İkincisi, faktiki zərərin həcmi müəyyən olunur. Üçüncüsü, köhnəlmə, istisnalar və franşiza kimi şərtlər nəzərə alınır. Məsələn, mənzilin daxili təmiri 20 min manat dəyərində sığortalanıb, zərər isə 4 min manatdırsa, ödəniş həmin 4 min manata yaxın hesablanır. Amma müqavilədə 200 manatlıq çıxılan məbləğ varsa, yekun ödəniş bundan aşağı ola bilər. Başqa sözlə, sığorta limiti yüksəkdirsə belə, ödəniş həmişə faktiki və sənədlə təsdiqlənən zərərə görə edilir. Kirayədə verilən mənzildə də sığorta mümkündür, amma istifadə forması və obyektin statusu düzgün göstərilməlidir. Əks halda hadisə anında uyğunsuzluq yarana bilər. Yeni tikili, köhnə bina, fərdi ev - hamısında risk eyni görünmür. Köhnə kommunikasiya olan mənzildə su qəzası ehtimalı yüksəkdirsə, həmin riskin paketdə olması daha vacibdir. Külək və dam problemi olan fərdi evdə isə başqa təminat önə çıxır. Sığortada düzgün seçim "ən çox nə ödənilir" sualından çox, "mənim əmlakım üçün ən real risk nədir" sualı ilə başlayır".

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, ölkədə yağıntılar evlərə, əmlaklara ciddi fəsadlar yaradır.  Ötən illərdə belə hadisələr baş verməsinə baxmayaraq, əmlak sığortası 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə cəmi 8 faiz artıb. Əslində təkrarlanan hallar üçün böyük artım sayıla bilməz: "Baş verən təbii hadisələrdən insanlarımız niyə nəticə çıxarmaq istəmir? Ev almaq və ya inşa etdirmək ən azından 50-100 min manatdan çox vəsait tələb edir. Bəs bu qədər vəsait xərcləndiyi zaman həmin mülkün təhlükəsizliyinə niyə ildə 50-100 manat xərcləmək istəmirik? Təbii və digər fəlakətlərə qarşı əmlak sığortasına niyə biganə yanaşırıq? Bu gün daşınmaz əmlak sahiblərinə, əsasəndə həyət evində yaşayanlara əmlak sığortası hər bir ailəni ciddi zərərlərin qarşılanmasına dəstək ola bilərdi. Bu problemlər daşınmaz əmlakların da kasko sığortasını ciddi aktuallaşdırır. Mövcud məlumatlara əsasən, ölkədə daşınmaz əmlakın təxminən 15-20 faiz sığortalanıb. Baxmayaraq ki, beynəlxalq təcrübədə bu rəqəm 70-90 faiz təşkil edir".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
525.az

1Mənbələr