
Bəzən peçenyaların açıq şəkildə, kilo ilə və üstü örtülmədən satılması halları müşahidə olunur. Təəssüf ki, bu vəziyyət təkcə peçenyalarla məhdudlaşmır - noğul, konfet və jelebon kimi digər şirniyyat məhsulları da eyni şəkildə satışa çıxarılır. Halbuki, bu məhsulların açıq şəkildə satışa çıxarılması gigiyenik baxımdan müəyyən risklər yaradır.
Bu barədə qida eksperti Ağa Salamov Missiya.Az-a açıqlamasında bildirib ki, məsələdə istehlakçı məsuliyyəti də mühüm rol oynayır:"Sağlamlığını düşünən istehlakçı bu cür məhsulları almaqdan çəkinməlidir. Əks halda, hava-damcı yolu ilə yayılan virus və bakteriyalar açıqda olan qidaların üzərinə düşə bilər. Məsələn, hər hansı şəxs asqırdıqda mikroorqanizmlər şirniyyatların, peçenyaların və yuyulmayan digər qidaların üzərinə qonaraq yoluxma riski yarada bilər",-ekspert bildirib.
Ağa Salamovun sözlərinə görə, kartof, soğan, xiyar və pomidor kimi məhsullar açıqda satılsa belə, ev şəraitində yuyulması və qabığının soyulması mümkündür. Lakin şirniyyat məhsulları üçün bu mümkün deyil. Bu səbəbdən çarpaz çirklənmə, əl ilə təmas və ya hava-damcı yolu ilə yoluxma ehtimalı artır. Bu yoluxmaların ən yüngülü rotavirus, daha ağır hallarda isə qrip, pnevmoniya kimi xəstəliklər ola bilər.
"Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. İstehsalçılar isə məhsulları qablaşdırılmış şəkildə satışa təqdim etməlidirlər. Açıq satış zamanı məhsulların üzəri örtülməli, hava-damcı yolu ilə yayılan mikroorqanizmlərdən qorunmalıdır. Burada təkcə bioloji deyil, fiziki çirklənmə riski də mövcuddur: toz, milçək və digər yad cisimlər məhsullara düşə bilər",- deyə o qeyd edib.Ağa Salamov onu da əlavə edib ki, məhsulların saxlanıldığı səthlər təmiz və səliqəli olmalı, gigiyenik qaydalara ciddi əməl edilməlidir. Bu, qida zəncirinin mühüm hissəsidir və həm istehsalçı, həm də istehlakçı üzərinə düşən məsuliyyətləri yerinə yetirməlidir.
İlahə Qənbərli
Missiya.Az