AZ

Apreldən başlayan Zəfər yolu: Şuşadan suverenliyə, İrəvanın etiraf etdiyi tarixi reallıq

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“2016-cı ilin Aprel döyüşlərindən ötən 10 il bu tarix Azərbaycanın milli yaddaşında Böyük Zəfərin ilk siyasi-hərbi manifesti, qələbəyə inamın yenidən doğulduğu an və Şuşaya aparan yolun ilk qələbə marşı idi. Məhz həmin günlərdə illərlə düşmən və onun havadarları tərəfindən yaradılmış “məğlubedilməz erməni ordusu” mifinin saxta olduğu bütün dünyaya nümayiş etdirildi. Həmin dörd gün Azərbaycanın gələcək taleyini dəyişən böyük dönüş nöqtəsinə çevrildi. Aprel döyüşləri bu gün də rəsmi və ictimai yaddaşda Şuşaya və Böyük Qələbəyə gedən yolun ilk zəfər marşı kimi tarixə həkk olundu”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Deputat bildirib ki, illərlə düşmən təbliğatı və onu himayə edən dairələr tərəfindən yaradılan “məğlubedilməz erməni ordusu” mifi məhz Apreldə dörd günün içində darmadağın edildi. “O günlər göstərdi ki, Azərbaycan artıq 90-cı illərin zəif və pərakəndə dövləti deyil. Qarşısında milli iradəyə, peşəkar orduya, güclü siyasi rəhbərliyə və qələbəyə köklənmiş xalqa söykənən yeni Azərbaycan dayanırdı.

Aprel savaşlarının ən böyük strateji nəticəsi psixoloji üstünlüyün tam şəkildə Azərbaycanın tərəfinə keçməsi oldu. Uzun illər ərzində beynəlxalq vasitəçilərin, siyasi institutların və diplomatik masaların ədaləti bərpa edəcəyi ilə bağlı müəyyən ümidlər vardı. Lakin zaman sübut etdi ki, torpaqları kağızlar yox, iradə, güc və milli birlik azad edir.

Məhz buna görə Aprel 2016 Azərbaycan xalqının ruhuna bir cümləni həkk etdi: Qələbə mümkündür”, - vurğulayıb.

Deputat qeyd edib ki, Aprel döyüşləri 44 günlük Vətən müharibəsinin mənəvi, taktiki və strateji məşqi idi: “Həmin günlərdə ordu-komandanlıq-xalq birliyinin işlək modeli formalaşdı. Döyüş meydanında əldə edilən taktiki üstünlük, siyasi masada yaranan yeni reallıq və cəmiyyətdə yüksələn qaliblik ruhu sonrakı böyük zəfərin əsas sütunlarına çevrildi.

O dörd gün təkcə cəbhə xəttini dəyişmədi, eyni zamanda  Cənubi Qafqazın siyasi xəritəsini dəyişən prosesin düyməsinə basdı.  Nəticə olaraq  2023-cü ilin 24 saatlıq lokal antiterror tədbirləri də Aprel döyüşlərinin məntiqi davamı kimi tarixə düşdü. 2016-da başlayan siyasi-hərbi proses 2020-də Böyük Zəfərlə zirvəyə qalxdı, 2023-də isə tam suverenliyin bərpası ilə möhürləndi.

Aprel savaşlarının başqa bir böyük mənası da qalib dövlət kimliyinin formalaşması idi. Həmin günlərdə Azərbaycan təkcə ordusunun gücünü göstərmədi, həm də bütün dünyaya sübut etdi ki, regionda yeni reallığı məhz Bakı müəyyən edir. 

Bu gün 10 ilin zirvəsindən baxanda daha aydın görünür ki, Aprel döyüşləri Böyük Ermənistan xülyasının tabutuna vurulan ilk mismar idi”.

Deputat daha sonra qeyd edib: “Ən diqqətçəkən məqam isə budur ki, bu tarixi həqiqəti artıq İrəvanın özü də etiraf edir. Nikol Paşinyanın 1 aprel Moskva səfəri zamanı Vladimir Putinlə dialoqda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağ məsələsinin Ermənistan üçün bağlandığını açıq şəkildə ifadə etməsi, əslində Apreldə başlayan Zəfər yolunun siyasi nəticəsinin etirafıdır. Paşinyan açıq dedi ki, “Qarabağ hərəkatını davam etdirməməliyik”, çünki tərəflər artıq bir-birinin suverenliyini tanıyıb. 

Bu, sadəcə diplomatik cümlə deyil. Bu, 2016-cı ilin Aprelindən başlayan siyasi-hərbi reallığın İrəvan tərəfindən qəbul edilməsidir.

Artıq Ermənistan da anlayır ki, bölgədə davamlı sülh və öz dövlətçiliyinin gələcəyi Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Regionda iqtisadi nəfəs yolları, kommunikasiya xətləri, təhlükəsizlik arxitekturası və gələcək inkişaf modeli Bakı–Ankara xətti üzərində qurulur. Moskva görüşündə də nəqliyyat-logistika və regional kommunikasiyaların əsas mövzu olması bunu bir daha göstərdi. 

Başqa sözlə, Ermənistan üçün real çıxış yolu revanşizm yox, Bakı və Ankara ilə rasional əməkdaşlıqdır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq işləri, Böyük Qayıdışın sürətlənməsi, yenidən qurulan şəhərlər, çəkilən yollar, hava limanları və qayıdan ailələrin sevinci Apreldə yanan qələbə məşəlinin bugünkü işığıdır.

Apreldən başlayan Zəfər yolu indi artıq yalnız keçmişin qəhrəmanlıq salnaməsi deyil, bu yol Qarabağda yenidən doğulan həyatın, Şərqi Zəngəzura qayıdan ailələrin, suveren Azərbaycanın yüksələn gücünün canlı gerçəkliyidir.

Tarix bəzən xalqların taleyini illərlə yox, cəmi dörd günlə dəyişir. Azərbaycan üçün həmin dörd günün adı Aprel Zəfəri, nəticəsi isə Şuşa, suverenlik və İrəvanın qəbul etdiyi yeni reallıq oldu”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
2
olke.az

3Mənbələr